Ağsuda düzgün ailə planlaşdırılması mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadın və İnkişaf” Mərkəzi Ağsuda “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması” mövzusunda tədbir keçirib.
Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva mövzunun aktuallığından danışıb.
“Qadın və İnkişaf” Mərkəzinin sədri Pərvin Məmmədova çıxış edərək əhali arasında reproduktiv sağlamlıq, sağlam analıq, ailə planlanması, yoluxan xəstəliklər və onlardan qorunma yolları, sağlam gənclik və digər məsələlərlə bağlı maarifləndirmə işinin əhəmiyyətindən söz açıb, reproduktiv yaş dövründə olan insanların bu sahədə müvafiq biliklərə yiyələnmələrinin vacibliyini bildirib.
Tədbirdə “Qadın və İnkişaf” Mərkəzinin sədr müavini Şövkət Xanməmmədova ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında ətraflı məlumat verib.
Sonra “Selektiv abortlar və onların fəsadları”, “Rayonda ailə planlaşdırılması və abortlarla bağlı mövcud vəziyyət” mövzularında çıxışlar olub.
Tədbir müzakirələrlə davam edib.