Beynəlxalq müəllimlər günü münasibətilə tədbir keçirilib
5 oktyabr - Beynəlxalq müəllimlər günü münasibətilə Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Bayram tədbirində rayon Təhsil şöbəsinin müdiri Tahir Xasi çıxış edərək rayonda təhsilə, təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışmışdır. Qeyd edilmişdir ki, son illər 25 təhsil müəssisəsi tikilib və əsaslı şəkildə yenidən qurulub, məktəblərdə müasir tədris şəraiti yaradılıb. İstifadəyə verilən məktəb binalarının müasir maddi-texniki baza ilə təmin olunması da təhsil sahəsinə göstərilən dövlət qayğısının mühüm tərkib hissəsidir. Ümumtəhsil məktəblərində kompyuterlər internet şəbəkəsinə qoşulub. Yaradılan müasir şərait pedaqoji kollektivlərin işini xeyli asanlaşdırmaqla yanaşı yeni təlim metodlarından istifadəyə də geniş imkanlar açıb.
Ağsu şəhər 1 saylı məktəb-liseyin direktoru Sənan Nemətov və Bico kənd tam orta məktəbin direktoru Yaşar Qarayev müstəqillik dövründə rayon təhsilinin inkişafında yüksək peşəkarlığı ilə fərqlənən müəllimlərin sayının getdikcə artmasından söhbət açıblar. Başa çatan son tədris ilində 69 ümumtəhsil müəssisəsində 8457 nəfər şagird təhsilə cəlb olunmuş və 1067 nəfər müəllim tədris proseslərində çalışmışdır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva rayonun ümumtəhsil məktəblərində çalışan müəllim kollektivini təbrik edərək təhsildə qazanılan uğurlardan danışıb. Son beş il ərzində tələbə adını qazananların sayı 35 nəfərdən 106-ya çatmış, yüksək nəticə göstərərək ali məktəblərə qəbul olanların da sayında artım olmuşdur. 2014-cü ildə bir məzun ən yüksək nəticə - 700 bal toplamış, iki məzun isə tam orta təhsili “Qızıl medal”la başa vurub.
Sonda rayon təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllimə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub