Milli Qəhrəman Yusif Əliyevin xatirəsi anılıb
Ağsu rayonunun Rəhimli kəndində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Yusif Əliyevin xatirəsi anılıb.
Yusif Əliyevin dəfn olunduğu ata-baba yurdunda keçirilən anım mərasimində rayon rəhbərliyi, kənd sakinləri, o cümlədən məktəblilər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə kənd qəbiristanlığına gələrək Milli Qəhrəman Yusif Əliyevin məzarı üzərinə gül-çiçək düzüblər. Sonra Rəhimli kəndindən olan ikinci Milli Qəhrəmanın - Şamil Ramazanovun da qəbri ziyarət olunub.
Kənd mədəniyyət evinin qarşısında, hər iki Milli Qəhrəmanın büstü önündə keçirilən anım mərasimində Yusif Əliyevin döyüş yolundan söz açılıb. Bildirilib ki, 1990-cı ilin avqustunda polis sıralarına qəbul olunan Yusif Əliyev əmrini post-patrul xidməti alayının 3-cü rotasına almışdı. Bu, mənfur erməni təcavüzkarlarının Azərbaycan ərazilərinə ardıcıl hücumlarının tüğyan etdiyi vaxtlar idi. 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüşə qatılıb. Silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq yolları kəsir, tez-tez basqınlar edirdilər. Fevralın 24-də sübh tezdən 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçib. Qüvvələr qeyri-bərabər idi. Polis dəstəsi öz əlverişli mövqeyini qoruyub saxlamağa çalışmaqla yanaşı, planlı şəkildə düşməni yaxına buraxır, müxtəlif istiqamətlərdən onları hədəfə alırdılar. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Dəstənin döyüş sursatı qurtarmaq üzrə idi. Bunu görən Yusif Əliyev 14 nəfərdən ibarət qrup yaradaraq əlbəyaxa döyüşə atıldı. Gözlənilməz hücumdan, dəstənin cəsarətli həmləsindən çaş-baş qalan ermənilər pərən-pərən düşdülər.
1991-ci ilin sentyabrın ortalarında Yusif Əliyevin son döyüşü oldu. Belə ki, düşmən yenidən böyük qüvvə ilə Buzluq kəndinə hücuma keçmişdi. Ölüm-dirim savaşına girən dəstəyə xəbər gəldi ki, əsgərlərin sursatı tükənib. Yusif güllə yağışı altında Buzluğa sursat çatdırmağa nail oldu. Lakin bu, onun həyatı bahasına başa gəldi. Artıq o vaxtdan 25 il keçir. Ölümündən sonra 1992-ci il 6 iyun tarixli Sərəncamla Yusif Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Çıxış edənlər torpaqlarımızın bütövlüyü, Azərbaycanın azadlığı uğrunda şəhid olan igid oğul və qızlarımızın əziz xatirəsini ehtiramla yad ediblər.