Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, müraciətlərin, ərizə və şikayətlərin qanunauyğun, operativ həlli üçün konkret tədbirlər görürlər.
Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 28-də Ağsu şəhərində Ağsu, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar.
Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində keçirilən qəbulda 20 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar bu icmalara vəsaitlərin ayrılması, dini ədəbiyyatla təmin olunma, “Quran” kurslarının təşkili, məscidlərin təmiri və sair məsələlərlə bağlı olub.
Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Vətəndaşlar rayonlarda bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.