Əmək yarmarkası keçirilib
Sentyabrın 15-də Ağsu rayon Mədəniyyət sarayının foyesində növbəti əmək yarmarkası keçirilib.
Qeyri-neft sektorunun inkişafına göstərilən diqqət, bu sahədə Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları regionların sosial-iqtisadi inkişafına güclü təkan verməklə, respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır. Təsadüfi deyildir ki, 210 nəfər işaxtaranın iştirak etdiyi əmək yarmarkasında 23 idarə, müəssisə, təşkilat və fiziki şəxs tərəfindən 204 boş iş yeri təklif olunub. Təklif olunan boş iş yerlərində orta aylıq əmək haqqı 110 manatdan 300 manatadəkdir.
Əmək yarmarkasında ən çox boş iş yeri mərkəzi rayon xəstəxanası, “Az-Granata” MMC, Su-kanal idarəsi və bir sıra digər təşkilatlar tərəfindən çıxarılıb.
Tədbirin keçirildiyi müddətdə 52 nəfərə işə göndəriş verilib. Bunlardan da 43 nəfəri özəl müəssisə və təşkilatların hesabınadır.
Əmək yarmarkasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və sosial problemlər üzrə elmi-tədqiqat və tədris mərkəzinin əmək bazarı və məşğulluq problemləri şöbəsinin müdiri Mətləb Mahmudov, şöbənin mütəxəssisləri Nöfəl Novruzov və Rəşad Quliyev iştirak ediblər.