Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon təhsil işçilərinin 2015/2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı ənənəvi konfrans keçirilib

09 sentyabr 2016 | 11:00

Konfrans  iştirakçıları əvvəlcə Heyeər Parkında  Ulu Öndərin abidəsini ziyarət edib önünə tər çiçəklər qoyublar.
  Ağsu rayon mədəniyyət sarayında keçirilən konfransda məktəb kollektivlərinin, valideyn assosiasiyalarının, ictimai təşkilatların, gənclər təşkilatlarının nümayəndələri, bu il ali təhsil müəssisələrinə daxil olan bir qrup gənc iştirak edib.
  Konfransda rayon təhsil şöbəsinin müdiri Tahir Xasinin məruzəsi dinlənilib, çıxışlar olub. Vurğulanıb ki, həyata keçirilən təhsil islahatı, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ümumən ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı Ağsu rayonunda da öz müsbət nəticəsini göstərir. Qeyd olunub ki, ötən dərs ilində rayonda 69 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Həmin məktəblərdə 8457 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1067 müəllim məşğul olub. Ötən dərs ilində XI sinfi bitirən 528 məzunun 237-si ali məktəblərə qəbul olunmaq üçün sənəd verib, onlardan 107 nəfəri tələbə adını qazanıb. 73 nəfər isə orta ixtisas məktəblərinə daxil olub.
  Bu sahədə nöqsanlardan da danışılıb, 8 ümumtəhsil məktəbi üzrə ali məktəblərə qəbulun olmadığı vurğulanıb.
Konfransda qarşıda duran vəzifələrdən, yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən ətraflı bəhs olunub. Bildirilib ki, yeni dərs ili üçün 116 vakant yer sifariş verilib, onların 85-i tutulub. Rayona 73 adda 35172 ədəd dərslik, müəllimlər üçün 42 adda 2517 ədəd vəsait gətirilərək şagird və müəllimlərə çatdırılıb. Məktəblərin cari və əsaslı təmiri ilə əlaqədar da ardıcıl tədbirlər görülür. 3 tam orta, 7 ümumi orta və 1 ibtidai məktəb binası əsaslı təmir edilib.
  Sonra rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Təhsil Nazirliyinin hüquq sektorunun müdiri Rasim Verdiyev, Milli Məclisin deputatı Tahir Kərimli çıxış edərək ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından, habelə yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıblar.
  Konfransda bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlara qiymətli hədiyyələr verilib.

Keçidlər