Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” layihəsi çərçivəsində tədbir keçirib

27 avqust 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” layihəsi çərçivəsində avqustun 27-də Ağsu rayonunda tədbir keçirib.
   Ağsu şəhər Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində maarifləndirmə məqsədilə keçirilən tədbiri rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva açaraq  mövzunun aktuallığını diqqətə çatdırıb.
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin nümayəndəsi Aygün Cəfərova layihə haqqında ümumi məlumat verib, qadın və uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında maarifləndirmə tədbirlərinin zəruriliyini vurğulayıb.
   Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığı və erkən nikahla mübarizə sahəsində qanunvericilik və dövlət qurumlarının fəaliyyəti”, layihənin eksperti, siyasi elmlər doktoru, professor Rəna Mirzəzadə “Məişət zorakılığı və onun növləri, erkən nikahla mübarizə yolları”, rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Tofiq Kərimov “Rayonda məişət zorakılığı və erkən nikah ilə mübarizə sahəsində görülən işlər və mövcud çətinliklər” mövzularında çıxış ediblər.
   Vurğulanıb ki, bu gün cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzi prioritet məsələlərdir. Erkən nikahın fəsadlarından bəhs edilərək söylənilib ki, bu cür nikahlar əsasən valideynlərin təsiri ilə baş verir. Bu yaşda olan, yetkinlik yaşına çatmayan qızların təfəkkürü kifayət qədər formalaşmadığından onlar düzgün seçim barədə qərar verə bilmirlər. Natiqlər erkən nikahın əslində böyük məsuliyyətsizlik olduğunu diqqətə çatdıraraq söyləyiblər ki, bu hal qızların psixologiyasına mənfi təsir göstərir.
   Maarifləndirici tədbirdə məişət zorakılığının, erkən nikahın, insan alverinin cəmiyyətdə yaratdığı problemlər ətraflı müzakirə olunaraq, buna qarşı hamılıqla mübarizənin zəruriliyi vurğulanıb. Xüsusilə, maarifləndirici tədbirlərin keçirilməsinin, təbliğat işlərinin gücləndirilməsinin, bu sahədə insanların ictimai fəallığının artırılmasının vacibliyi bildirib.

Keçidlər