2016-cı ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları müzakirə olunmuşdur
Hesabat məruzəsi ilə çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ə.Seyidəliyev bildirmişdir ki, cari ilin iyul ayının 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında geniş məzmunlu, proqram xarakterli nitqləri, söylənilən faktlar və rəqəmlər, gələcək vəzifələrimizi müəyyənləşdirən dəyərli tapşırıq və tövsiyələri belə bir həqiqəti aydın şəkildə göstərdi ki, cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində ölkəmizin uzun illər üçün dinamik inkişafının, xalqımızın gələcək firavanlığının möhkəm təməli qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Ağsu rayonu son illər dinamik inkişaf yoluna çıxmış, rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir.
Azərbaycanın hər bir bölgəsi kimi, Ağsu rayonunun da inkişafı üçün lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində 5 dəfə rayonumuzda olmuş, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək mühüm sosial məsələlərin icrası istiqamətində Sərəncamlar imzalamışdır. Sözsüz ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul vermiş, əmək kollektivlərini iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırmışdır.
Bunun məntiqi nəticəsi olaraq son illər Ağsu rayonunda nəzərəçarpacaq işlər görülmüş, əhalinin həyat səviyyəsi yüksəlmiş, iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişafa nail olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını təmin edən iki Dövlət Proqramı” uğurla başa çatdırılmışdır. Bu müddətdə rayonda yeni iş yerlərinin açılması, tikinti, quruculuq və abadlıq işləri diqqət mərkəzində saxlanılmış, sosial problemlərin həllinə qayğı göstərilmişdir. Yollar, küçə və meydanlar asfaltlaşdırılmış və abadlaşdırılmışdır. Yeni müəssisələr, çoxsaylı sahibkarlıq obyektləri yaradılaraq fəaliyyətə başlamışdır.
Əhalinin və iqtisadiyyatın bütün sahələrinin, elektrik enerjisi və təbii qaz təminatının yaxşılaşdırılması, nəqliyyat infrastrukturunun tikintisi və əsaslı təmiri istiqamətində bir sıra işlər görülmüşdür.
2016-cı ilin I yarısında da rayonumuzun sosial - iqtisadi inkişafı uğurlu olub, III regional inkişaf proqramının icrası böyük inam və müvəffəqiyyətlə davam etdirilib, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər uğurla icra olunub.
Belə ki, 2015-ci ildə 2016-cı ilin məhsulu üçün 34876 ha sahədə payızlıq taxıl (ondan 15359 ha buğda, 19517 ha isə arpa) əkilmişdir. 01.07.2016-cı il vəziyyətinə zəmilərdən 96,2 min ton taxıl məhsulu (o cümlədən 43,7 ton buğda, 52,5 ton arpa) əldə olunmuş, buğda məhsulunun hər hektardan orta məhsuldarlığı 31,1 sentner, arpa məhsulunun isə hər hektardan orta məhsuldarlığı 27,2 sentner təşkil etmişdir. Taxıl biçini mütəşəkkil qaydada davam etdirilir. Hesabat dövründə 519 ton kartof, 2508 ton tərəvəz, 1448 ton meyvə istehsal olunmuşdur.
Bundan başqa bu ildən başlayaraq rayonda baramaçılıq və pambıqçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. Belə ki, hal-hazırda rayonda 1104 hektar ərazidə pambıq yetişdirilir, 50 qutu ipəkqurdu toxumu bəslənilir. Sevindirici haldır ki, bu sahələr üzrə ilkin nəticələr çox ümidvericidir.
”Aqrolizinq” yolu ilə fermerlərə və ailə-kəndli təsərrüfatlarına 700 ton azot, 132 ton fosfor və 100 kq pestisid satılmışdır.
Mal-qaraların cins tərkibinin yaxşılaşdırılması, ətlik maldarlığın inkişaf etdirilməsi üçün rayonda 6 nəfər süni mayalanma texniki fəaliyyət göstərib, 213 baş inək texniklər tərəfindən mayalandırılıb, 145 baş bala alınıb.
2016-ci ilin I yarısında ət istehsalı 2450 ton, süd istehsalı 14057 ton, yumurta istehsalı 5028 min ədəd, yun istehsalı isə 303 ton olmuşdur.
2016-cı ilin 6 ayı ərzində Rayon Baytarlıq idarəsi tərəfindən görülən tədbirlər nəticəsində rayonda epizootik sabitlik təmin edilmişdir. Belə ki, 39000 baş iribuynuzlu, 902 baş təkdırnaqlı, 150000 baş xırdabuynuzlu heyvanlarda qarayara xəstəliyinə qarşı, 599470 baş cücə və 392000 baş quşlarda tauna qarşı vaksinasiya aparılmışdır.
Hesabat ilində də rayonda fəaliyyət göstərən “Azqranata” MMC-nin şirə və şərab emalı zavodu, “Ağsu-Aqrotexservis” ASC-nin istixana təsərrüfatı və fəaliyyətdə olan digər emal müəssisələri məhsul tədarükü və istehsal prosesini davam etdirmiş, istehsal olunmuş məhsulların satışı üzrə geniş bazar funksiyasını həyata keçirmişdir.
2016-ci ilin I yarısında abadlıq-quruculuq işləri davam etdirilib. Belə ki, şəhərin M.Ə.Rəsulzadə küçəsində Ağsu rayon Kənd Təsərrüfatı idarəsi üçün inzibati bina, “Azqranata” MMC üçün yeni süzmə sektoru və soyuducu anbarın tikintisi tamamlanmış, şəhərin kanalizasiya sisteminin təmizləmə qurğusunun tikintisi davam etdirilmişdir. Bununla yanaşı 140 yerlik Qərənfil uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilmiş, 1 saylı uşaq bağçasında isə əsaslı təmir işləri davam etdirilmişdir.
Hazırda Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun yenidən qurulması istiqamətində təmir işləri aparılır. Bununla yanaşı Ağsu-Ağarx-Qaradağ avtomobil yolunun Bozavand kəndinə qədər olan hissəsinin təmiri başa çatdırılmışdır. Qaradağ və Qaravəlli kəndlərində modul tipli sutəmizləyici qurğuların tikintisi, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün hər biri 3 otaqdan ibarət olan 10 ədəd fərdi yaşayış evlərində tikinti quraşdırma işləri davam etdirilir.
Şəhərin müxtəlif məhəllələrində tikintisi yarımçıq qalmış obyektlərin başa çatdırılması, binaların fasad hissələrinin müasir tələblərə uyğun qurulması və çoxmənzilli yaşayış binaların təmir-bərpası istiqamətində işlər davam etdirilmişdir. Cari ilin mart ayında M.Ə.Rəsulzadə küçəsində yararsız olan darvazalar dəyişdirilmiş, C.Gərayev küçəsinin asfaltlaşdırılması davam etdirilmişdir.Hazırda M.Xəlilov, M.Əsədov, T.İsmayılov, T.Əliyarbəyov, C.Kərimov, S.Vurğun, Babək və Natavan küçələrində abadlaşdırma-yenidənqurma işləri aparılmış, 8200 m2 asvalt örtük çəkilmiş, 2500 p/metr səki daşları düzülmüşdür. Şəhərin digər məhəllələrində də küçələrin asfaltlaşdırılması istiqamətində işlərin icrası davam etdirilir.
Şəhərin M.Hüseyn küçəsində 5 mərtəbəli 50 mənzilli və Vidadi küçəsindəki 60 mənzilli binalarda əsaslı təmir işləri aparılmışdır.
Hesabat dövründə şəhərin M.Ə.Rəsulzadə küçəsində 145 çarpayılıq Mərkəzi rayon Xəstəxanasının tikintisi başa çatdırılmışdır. Ölkə prezidenti cənab İlham Əliyev xəstəxananın açılışında iştirak etmiş, obyekt istifadəyə verilmişdir.
Ümumiyyətlə, 2016-cı ilin I yarısında rayonda fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 603 nəfər işlə təmin olunmuşdur ki, onlardan 439 -u daimi işlə təmin olunanlardır.
2016-cı ilin I yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 83600.8 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.4 faiz azdır. Ümumi məhsul buraxılışının 57.9 %-i kənd təsərrüfatında, 27.0 %-i ticarətdə, 10.5 %-i tikintidə yaranmışdır.
Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,0 faiz azalaraq 2146.1 min manat, sənaye məhsulunun qeyri dövlət bölməsində həcmi isə 1225.3 min manat olmaqla, sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 57.1 faiz təşkil edib.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi 63500.0 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.8 faiz çox, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2015-ci ilin müvafiq dövrünün səviyyəsini 2075.0 min manat ötərək 12153.0 min manat olmuşdur. 2016-cı ilin I yarısında tikinti-quraşdırma işlərinin həcmi 8749.4 min manat, əsas kapitala yönəldilən investisiyalar 9365.6 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işlərinin həcmi 6.1 faiz əsas kapitala yönəldilən investisiyaların məbləği 6.7 % azalmışdır.
Xüsusi mülkiyyətin genişləndirilməsi, sahibkarlığın sürətli inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət tədbirlərinin nəticəsi olaraq hesabat dövründə orta aylıq əmək haqqı 275,00 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünün səviyyəsini 4 manat və ya 1.5 % üstələyir.
Ağsu Elektrik Şəbəkəsi üzrə hesabat dövründə 23 milyon 716 min kilovat-saat elektrik enerjisi sərf olunmuş və dəyəri 1 milyon 170 min 402 manat qarşı 1 milyon 142 min 200 manat vəsait toplanmış, yığım səviyyəsi 97,6 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,31 faiz çoxdur.
Bu müddətdə rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb. Belə ki, 10 kv-luq elektrik verilişi xətlərində 5,7 kilometr əsaslı, 7,3 km məsafədə cari, 0.4 kv-luq elektrik verilişi xətlərində 0,8 kilometr məsafədə əsaslı, 13,9 km məsafədə cari təmir işləri aparılıb. Təmir işlərinin görülməsi üçün 124 ədəd 10 kv-luq dayaq, 490 metr naqil, 99 ədəd kv-luq izolyator, 2 ədəd metal traves istifadə olunmuşdur.
Ümumi gücü 2556 kvA olan 14 ədəd transformator yarımstansiyası əsaslı təmir olunmuşdur. Əsaslı təmir olunmuş transformator yarımstansiyalarının üzərinə 16 ədəd 0,4 Kv-luq ayrıcı quraşdırılmışdır. 76 ədəd yeni sayğac quraşdırılmış, 63 ədəd qüsurlu sayğacı yenisi ilə əvəz edilmişdir.
Ümumilikdə, yerinə yetirilən işlərin dəyəri 55,2 min manat, o cümlədən əsaslı təmir işlərinin dəyəri 45,0 min manat, cari təmir işlərinin dəyəri isə 10,2 min manat təşkil etmişdir.
Son illər rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsin¬də zəruri tədbirlər həyata keçirilib. Belə ki, “Azərbaycan Respublikası regionlarının sosial – iqtisadi inkişafı” Dövlət Proqramı, eləcə də ARDNŞ və Ağsu RQİİ-nin Ağsu xidmət sahəsi qarşısında qoyduğu konkret tapşırıqların icrası məqsədilə tədbirlərin görülməsi davam edir. 2016-cı ilin yanvar-iyun aylarında istər rayonun qaz təsərrüfatının yenidən qurulması, istərsə də təbii qazın istehlakçılara çatdırılması zamanı yol verilən normadan artıq qaz itkilərinin qarşısının alınması və dəyərinin yığılması sahəsində bir sıra işlər görülmüşdür.
Rayon üzrə bütün istiqamətlərdə daxili tənzimlənmələrin günün tələbləri səviyyəsinə qaldırılması məqsədilə ilin əvvəlində tədbirlər planı hazırlanmış və tədbirlər planı əsasında rayon üzrə istismarda olan 75 şkaf tipli qaztənzimləyicinin texniki vəziyyətinə təkrar baxış keçirilmişdir.
2016-cı ilin 6 ayı ərzində ölçü qovşaqlarından 12,1 milyon kubmetr təbii qaz alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyon kubmetr artıqdır. İlin əvvəlində havaların şaxtalı keçməsinə baxmayaraq 6 ayda 1251-ə yaxın abonentin artımı qaz qəbulunun bu həcmdə artmasını şərtləndirən əsas amildir. Qəbul edilmiş təbii qazın 10,3 milyon kubmetri satışa verilmiş, qazın nəqli prosesində 1,8 milyon kubmetr, başqa sözlə 15,3 faiz itkiyə yol verilmişdir. Satışın 9,1 milyon kubmetri əhali qrupu, 1,2 min kubmetri digər kateqoriyalardan olan istehlakçıların payına düşür.
Əhali abonentlərinə əvvəlcədən ödəmə sistemli İTRON sayğacların quraşdırılması ilə bu sahədə qazın dəyərinin yığılmasında olan problemlərə tamamilə son qoyulmuşdur. Bu kateqoriyadan olan istehlakçılara 2016-cı ilin yanvar-iyun aylarında 10030.0 min manatlıq təbii qazın satılması qarşılığında hesablara 10030.0 min manat vəsait daxil olmuşdur ki, bu da satılan qazın dəyərinin 100 faiz səviyyəsində yığılması deməkdir.
Bütün görülən işlərlə yanaşı yeni qazlaşmaya da böyük önəm verilir. Cari ilin yanvar-iyun aylarında rayonun 81 fərdi mənzili əhatə edən Qaradağ, 290 fərdi mənzildən ibarət Bico, 191 fərdi mənzili əhatə edən Qəşəd, 286 fərdi mənzili əhatə edən Cəlayir, 89 fərdi mənzili əhatə edən Cəfərli, 135 fərdi mənzili əhatə edən Ləngəbiz, 92 fərdi mənzili əhatə edən Hacıuşağı kəndlərinin qaz açılışı təmin edilmişdir.
Həmçinin rayon üzrə ümumilikdə 6 ay ərzində yararsız olan və istismar müddətini başa vurmuş 91 ədəd İTRON tipli qaz sayğacı və 50 ədəd istismar müddəti başa çatmış yarasız qutular yenisi ilə əvəz olunmuşdur. Ümumilikdə qaz sayğacları üzrə qrafikə əsasən xidmət sahəsi ərazisində yoxlama-profilaktika məqsədilə baxış keçirilmiş və bu istiqamətdə işlər davam etdirilir.
2016-cı ilin altı ayı ərzində su üzrə 5399 abonentə xidmət göstərilmişdir. O cümlədən 70 qeyri əhali, çirkab suyun daşınmasına görə 30 abonentə xidmət göstərilmişdir.
İlin 1-ci yarısında Su-kanal İdarəsi 106071 min manatlıq su satmış. Bunun əvəzində 77,865 manat vəsait toplayaraq plan tapşırığına 73,4% əməl etmişdir. Çirkab suyun daşınmasına görə 2721 manata qarşı 2499 manat vəsait toplayaraq 91,8% əməl olunmuşdur.
Digər sahələr üzrə Yerli büdcə 63,3%, Respublika büdcəsi 33,1%, ticarət xidmət sahələri 74,8%, istehsal sənaye 100,3% əhali qrupu üzrə 75,8% əməl olunmuşdur.
2016-ci ilin I yarısında da mərkəzi və kənd EATS-lərində boş tutumların istifadəyə verilməsi, yeni salınmış yaşayış məntəqələrinin telefonlaşdırılması, xətt şəbəkəsinin tikintisi və genişləndirilməsi istiqamətində işlərin icrası davam etdirilib. Şəhərin 3-cü məhəllə və yeni yaşayış massivinin telefonlaşması ilə əlaqədar müxtəlif tipli kabellər çəkilmiş, 100 abunəçiyə yeni telefon çəkilişinə başlanılmış və 78 abunəçiyə isə yeni telefon xətti çəkilmişdir.
Rayonun Pirhəsənli, Növcü, İlxıçı, Kəndoba və Ərəbuşağı kənd EATS ərazilərində boş nömrələrin paylanması, kabellərin yenisi ilə əvəz olunması və kabeldə olan zədələnmələrin aradan qaldırılması üçün müxtəlif tipli kabel materialları istismara buraxılmış və 25 abunəçiyə yeni telefon çəkilmişdir. Rayon mərkəzində tutumu 100 nömrə olan “585 prefiksi” ilə başlayan daşınan şəhər nömrələri istifadəyə verilmişdir. Hal-hazırda 38 abonent bu xidmətdən istifadə edir. Bundan əlavə rayon mərkəzində montaj tutumu 2800 nömrə olan ATSK-50x200 tipli ATS müasir tələblərə cavab verən Türkiyədə istehsal olunmuş “KAREL” tipli elektron ATS-lə əvəz olunmuşdur. Beləliklə birbaşa internete qoşulma mümkünlüyü bütün abunəçilər üçün bərpa edilmişdir. Şəhər telefon şəbəkəsi üzrə 3712, kənd telefon şəbəkəsi üzrə isə 3192 elektron tipli nömrə montaj olunmuşdur.
İnternet xidmətindən istifadə edən kənd EATS-lərinin sayı 20-yə, genişzolaqlı internet xidmətindən istifadə edən abonentlərin sayı 1682-yə çatdırılmışdır. Nəticədə hər 100 abunəçiyə düşən internet istifadəçilərinin sayı 38,3-ə, hər 100 ailəyə düşən internet istifadəçilərinin sayı 10,2-yə və hər 100 ailəyə düşən sabit şəbəkə telefonlarının sayı 26,6 -ya çatdırılmışdır.
Hesabat dövründə Suvarma Sistemləri İdarəsi tərəfindən istismar tədbirləri planı tam yerinə yetirilib, təsərrüfatların suvarma suyu ilə təminatında ciddi problem yaşanmayıb, cari məsələlər vaxtlı-vaxtında həlinin tapmışdır.
Belə ki, cari ilin 6 ayı ərzində 44952 hektar sahə suvarılmışdır. 50 ədəd hidrotexniki qurğu, 2 km-dan artıq beton kanal cari təmir edilmişdir. Nasos stansiyasında təmir işləri aparılaraq tam işlək vəziyyətə gətirilmiş, suvarma kanalları 340 min m3 lildən təmizlənmişdir. Sel sularının qarşısının alınması məqsədilə 150 min m3 çay məcrası təmizlənmişdir.
Bu müddət ərzində “Ağsuçay”da 450 m3 daş-beton bənd təmir edilmişdir. Rayonun Musabəyli və Muradlı kəndlərində 2 ədəd subartezian quyusu qazılmış, müxtəlif ərazilərdə yerləşən digər 3 ədəd subartezian quyusu təmir edilərək istifadəyə verilmişdir.
2016-cı ilin I yarısında rayon büdcəsinin mədaxili 7 milyon 22,6 min manat, (ondan: yerli gəlirləri tənzimləmək üçün Respublika büdcəsindən ayrılan dotasiya 5 milyon 530,7 min manat, yerli gəlirlər 1 milyon 491,8 min manat) , rayon büdcəsinin xərcləri 8 milyon 645,4 min manat proqnozlaşdırılmışdır.
Bu müddətdə rayon büdcəsinin mədaxili 7 milyon 874,0 min manat, (ondan: yerli gəlirləri tənzimləmək üçün Respublika büdcəsindən ayrılan dotasiya 6 milyon 370,0 min manat, yerli gəlirlər 1 milyon 504,0 min manat) və ya 112,1 faiz, rayon büdcəsinin xərcləri 6 milyon 862,8 min manat və ya 79,4 faiz icra olunmuşdur.
Ağsu Rayonu üzrə Maliyyə idarəsi tərəfindən büdcə vəsaitinin təyinatı üzrə səmərəli xərclənməsinə nəzarət tədbirləri artırılmalı, yerli gəlirlər və xərclər üzrə proqnoz göstəriciləri yerinə yetirilməlidir. Bu məqsədlə aidiyyatı orqanlarla birlikdə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün vergi ödəyicilərinin aşkar edilərək qeydiyyata alınması, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vergi və rüsumların tam məbləğdə ödənilməsi təmin edilməli, vergi və rüsumların ödənilməsindən yayınma, həmçinin vergi və rüsumların süni surətdə azaldılması hallarına yol verilməməlidir.
Əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aparılan işlər ilin I yarısında da diqqət mərkəzində saxlanmışdır. Belə ki, Ünvanlı Sosial Yardım almaq üçün 563 nəfər müraciət etmişdir. Onlardan 534 nəfərə Ünvanlı Sosial Yardım təyin edilmiş, 29 nəfərə imtina verilmişdir. 5 nəfərinə ailənin orta aylıq gəlirinin ehtiyac meyarından yuxarı olmasına, 14 nəfərinə ailənin orta aylıq gəlirinin 50%-dən çox məbləğdə aylıq kredit öhdəliyi olmasına, 10 nəfərinə ailənin istifadəsində nəqliyyat vasitəsinin olmasına görə imtina verilmişdir.
Rayon üzrə 2297 nəfərə aylıq 128324 manat məbləğində sosial müavinət və 381 nəfər ailəyə 45746 manat məbləğində orta aylıq təqaüd ödənilmişdir.
2016-cı ilin 6 ayında mərkəz üzrə 76 nəfər ahıl, tənha və qocalara evlərində xidmət göstərilmişdir. 30 nəfər əlilə istirahət mərkəzlərinə istirahət və müalicə üçün putyovka verilmişdir.
Dövlət Sosial Müdafiə Fondu Ağsu rayon şöbəsi tərəfindən 2016-cı ilin 1-ci yarısında 1418,0 min manat vəsait toplanmışdır. Pensiya və müavinətlərin verilməsi üçün 11294,8 min manat, məcburi dövlət sosial sığorta haqları üzrə müavinət xərclərinin verilməsi üçün 145,6 min manat vəsait ödənilmişdir.
01.07.2016-cı il vəziyyətinə şöbə tərəfindən 10542 pensiya işi üzrə 11374 nəfər əmək pensiyaçısına xidmət göstərilir. Bundan 6283 nəfər yaşa görə, 3538 nəfər əlilliyə görə pensiyaçılardır. 65 nəfər dövlət qulluğçusu kimi pensiya alır. 1 nəfərə düşən aylıq pensiyanın məbləği 175 manat 50 qəpik təşkil edir.
2016–cı ilin 6 ayı ərzində səhiyyə sahəsində də bir sıra işlər görülüb. Belə ki, 59312 nəfər böyük yaşlı əhali, 10051 nəfər uşaq isə tibbi müayinədən keçirilib. Uşaqların tibbi müayinəsi ilin sonuna qədər davam edəcəkdir. 6 ay ərzində 33 nəfər təkmilləşmə kursundan keçmişdir. 5 nəfər həkim, 10 nəfər orta tibb işçisi sertifikat almış, 3 nəfər orta tibb işçisi işə qəbul olunmuşdur. Bu müddətdə rayonun Xanbulaq kənd həkim məntəqəsi cari təmir olunub.
2016-cı ilin 6 ayı ərzində Məşğulluq Mərkəzi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, mərkəz tərəfindən 2187 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Qeydiyyata alınanların 192 nəfərini qadınlar təşkil etmişdir. Hesabat dövründə 421 nəfər vətəndaş işə göndəriş alaraq işlə təmin olunub. İşlə təmin olunanların 54 nəfəri qadınlar, 107 nəfərini isə gənclər təşkil etmişdir. Bu dövr ərzində 35 nəfər vətəndaşa işsizlik statusu verilərək müavinət təyin olunmuşdur.
Mərkəz tərəfindən 2016-cı ildə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar üçün 8 idarə, müəssisə və təşkilatda nəzərdə tutlmuş 12 boş iş yeri (kvota) müəyyən edilmişdir. Hesabat dövründə 7 nəfər vətəndaş kvota yerlərinə göndərilərək münasib işlə təmin olunmuşdur.
İqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili, insanların sosial həyatının zənginləşdirilməsi rayon İcra Hakimiyyətinin gündəlik diqqətində olmuşdur. Rayon İcra Hakimiyyətində əhalinin qəbulu, onları narahat edən problemlərin həllinə diqqət daha da artırılmışdır. Hesabat dövründə Rayon İcra Hakimiyyətində və yaşayış məntəqəsində keçirilən görüş-qəbullarda 1965 nəfər vətəndaş iştirak etmişdir.
Milli və dini zəmində heç bir qanuna zidd hal baş verməmişdir. “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun pozulması hallarına yol verilməmiş, milli və dini zəmində hər hansı konfilikt, qarşıdurma və ya ziddiyyət baş verməmişdir. Cari ilin ötən müddətində rayonda çoxsaylı ictimai-siyasi tədbirlər həyata keçirilmiş, dövlət və dini bayramlar yüksək səviyyədə qeyd olunmuşdur.
Rayonda Dövlət-gənclər siyasəti sahəsində bir sıra işlər görülmüşdür. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların düzgün həyat tərzi keçirməsi, zərərli vərdişlərdən uzaq olması, asudə vaxtının səmərəli keçirilməsi və intlekt səviyyəsinin artırılması istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. Gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi sahəsində mühüm addımlar atılmış, xeyli gənc kadr rayonun dövlət müəssisələrində, digər sahələrdə işə cəlb olunmuşlar.
İlin sonuna kimi rayon iqtisadiyyatının daha da yüksəldilməsi, əhalinin sosial problemlərinin həlli, özəl sektorun inkişafına köməklik göstərilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, abadlıq-quruculuq işlərinin aparılması, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
Əhalinin enerji daşıyıcıları ilə dayanıqlı təminatı istiqamətində tədbirlər davam etdiriləcək, istehsal, xidmət və sosial-mədəni obyeklərin inşasına diqqət artırılacaq, iri fermer təsərrüfatlarının və sənaye zonalarının yaradılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir.
Büdcə gəlirlərinin artırılması üçün mövcud qanunvericiliyin tələbləri yerinə yetiriləcək, büdcə xərclərinin icrası tam təmin ediləcək.
Cari ildə görüləcək işlər əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və maddi rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayacaqdır.
RİH başçısı yanında Şura iclasında qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.