Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilmişdir
Narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür.
Bu sətirlər rayon gənclər və idman idarəsinin 26 İyun - Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya Mübarizə Gününə həsr edilən toplantısında səsləndirilib. Ağsu rayon Gənclər evində yeniyetmə və gənclərin iştirakı ilə keçirilən toplantıdakı məruzə və çıxışlarda ölkəmizdə bu bəlaya qarşı mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırıldığı vurğulanıb. Xalqımızın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusən gənclərin sağlam mühitdə böyümələrini diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı, 1999-cu il 29 iyul tarixli “Narkotik vasitələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, bu fərman və qanunun icrası üçün Dövlət Komissiyasının yaradılması və sair ölkəmizdə bu bəlaya qarşı ciddi və ardıcıl mübarizə aparıldığını göstərir.
Məruzə və çıxışlarda narkomaniyaya qarşı mübarizə sahəsində rayonda həyata keçirilən tədbirlərdən, aparılan təbliğat işlərindən də ətraflı danışılıb.