Ağsu və Şamaxı uşaq musiqiçiləri birgə konsert proqramı ilə çıxış ediblər
Mədəniyyət və Turizm Nazirliyinin ötən il 21 dekabr tarixli kollegiya qərarına əsasən uşaq musiqi, incəsənət məktəbləri və incəsənət təhsil mərkəzləri şagirdlərinin rayonlararası görüşlərinin keçirilməsi və qarşılıqlı konsert proqramları ilə çıxışları davam edir.
Plana müvafiq olaraq Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin balaca musiqiçiləri iyunun 22-də Ağsuya gəlib və rayon Mədəniyyət Sarayında Ağsu rayon Uşaq Musiqi Məktəbinin şagirdləri ilə birgə konsert proqramı ilə çıxış edib.
Musiqi məktəbləri şagirdlərinin ifalarında Müslüm Maqomayevin “Radio marşı”, Vasif Adıgözəlovun “Bayram süitası” I hissə, Azərbaycan xalq rəqsləri, o cümlədən “Köçəri”, “Naz eləmə”, “Dilşadı” rəqsləri, Cüzeppe Verdinin “Traviata” operasından “Bayramsayağı”, Rauf Hacıyevin “Bəxtiyarlıq”, “Azərbaycan xalq ritmləri” və sair mahnı və rəqslər iştirakçılar tərəfindən maraqla, sürəkli alqışlarla qarşılanıb.