İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Ağsu rayonunda ictimai dinləmə keçirib
Bu gün Ağsu rayonunda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunan ictimai dinləmə keçirilib.
Tədbirdən əvvəl ombudsman Elmira Süleymanova və rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Heydər parkında ucaldılan Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Ağsu rayon Mədəniyyət Sarayında keçirilən dinləmədə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, habelə ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər. Tədbiri icra başçısı Ənvər Seyidəliyev açaraq, ölkəmizdə insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədlərindən biri olduğunu vurğulayıb, bu sahədə rayonda görülən işlər barədə məlumat verib.
Tədbirdə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini diqqətə çatdıran Ombudsman bu hüquqların təmin edilməsinin ölkəmizdə gedən demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb.
Ombudsman E.Süleymanova bu gün uşaqların məcburi əməyə cəlb edilməsinin, yetkinlik yaşına çatmayan qızların ailə qurmalarının, məişət zorakılığının yolverilməz olduğunu qeyd edərək, ölkəmizdə bu məsələlərə xüsusi diqqət yetirildiyini bildirib.
İctimai dinləmədə icra hakimiyyəti orqanlarının yerlərdə mütəmadi olaraq keçirdikləri görüşlərin, “Asan xidmət”in təşkilinin insana diqqətin, insan hüquq və azadlıqlarının qorunmasına dövlət qayğısının parlaq nümunəsi olduğu diqqətə çatdırılıb.
Tədbirdə, ümumiyyətlə, ölkəmizdə Ombudsman təsisatının yaradılması, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər, Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər geniş müzakirə olunub.