Şriftin ölçüsü :

Saytın rəngi :

İşgüzar forumda 51 sahibkara 371 min manat güzəştli kredit verilib

09 iyun 2016 | 11:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu istiqamətdə növbəti tədbir Ağsu rayonunun Muradlı kəndində keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Ağsuda həyata keçirilməsi məqsədəuyğun hesab edilən nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

   İşgüzar  forumda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək Ağsuda güzəştli kreditlər hesabına görülən işlərdən danışıb. Ə.Seyidəliyev Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına son illər Ağsuda fəaliyyətə başlayan “Süsən” MMC-nin taxılçılıq sahəsində əldə etdiyi böyük uğurlardan, istixana təsərrüfatında istehsal edilən yüz tonlarla pomidor və xiyar məhsulunun tədarükündən, bu cür təsərrüfatların sakinlərin məşğulluğu sahəsində əhəmiyyətindən bəhs edib.
   Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
   Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev forumda çıxış edərək bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1100 nəfərə yaxın sahibkara 57,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ş.Abdullayev vurğulayıb ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, ixtisaslaşdırılan “Yaşıl market”in, çörək zavodunun, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5100-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
   İşgüzar forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 51 sahibkara 371 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, kartofçuluq, bağçılıq, arıçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
   Forumda vurğulanıb ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat güzəştli kredit verilib.

Keçidlər