İlham Əliyev Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, mərkəzin təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş mərkəzin həyətində Ağsudan olan tanınmış incəsənət xadimləri Mikayıl Mirzə, Səməndər Rzayev və Rasim Balayevə həsr olunmuş guşədə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlar vardır.
Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülmüş, çoxlu sayda ağac və gül kolları əkilmiş, bütün lazımi infrastruktur yaradılmışdır.
Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş fotoguşələr yaradılmışdır.
Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunacaqdır. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilmişdir. Xalq sənətinin tanınmış nümayəndələrindən biri Aşıq Şakirə həsr olunmuş otaq da maraqlı eksponatları ilə diqqəti cəlb edir. Mərkəzin 80 yerlik zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev Ağsu Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Rauf Hacıyevin “Azərbaycan” mahnısını dinlədi.
Sonda xatirə şəkli çəkdirildi.