Ağsuda aqrar sektorun strateji sahələrinin dirçəldilməsi istiqamətində ilk uğurlu addımlar atılıb
Bu gün Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı prioritet məsələdir və bu sahədə mövcud potensialın araşdırılaraq üzə çıxarılması və ondan səmərəli istifadə ümdə vəzifə kimi qarşıya qoyulub. Prezident İlham Əliyevin tövsiyə və tapşırığına müvafiq olaraq yaradılan işçi qrupu aqrar sektorun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, qüvvələrin səfərbər edilməsi məqsədilə rayonlara səfər edir, fermer və sahibkarlarla görüşür, vəziyyətlə yerində tanış olur.
Işçi qrupunun növbəti səfəri iyunun 2-də Ağsu rayonuna olub. Müasir texnoloji avadanlıqlarla təchiz edilən “Az-Qranata” MMC-nin şərab emalı zavodu ilə tanışlıq zamanı bildirilib ki, zavodda 117 adda içki hazırlanır. Yüksək rəqabət qabiliyyətinə malik məhsullar dünyanın bir sıra ölkələrinə ixrac edilir. Zavodun xammala olan tələbatının ödənilməsi üçün müəssisəyə məxsus 360 hektar nar bağı salınıb.
Daha sonra işçi qrupunun üzvləri üç hektar ərazini əhatə edən istixanaya gəliblər. Burada müasir texnologiyaların tətbiqi yüksək məhsul götürməyə imkan verir. Yetişdirilən pomidor və xiyar yerli bazarlarla yanaşı, Türkiyəyə də ixrac olunur.
Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı rayonda görülən işlərlə maraqlanan işçi qrupunun üzvlərinə məlumat verilib ki, vaxtilə Ağsuda ənənəvi olan bu sahənin dirçəldilməsinə başlanılıb. Təcrübəli kümçülər tərəfindən 50 qutu ipəkqurdu toxumu yetişdirilib. Ərəbuşağı kənd sakini Sənan Səlimov 60 qram ipəkqurdu toxumundan 200 kiloqram məhsul götürüb. O, baramanın hər kiloqramını 8 manata satmaqla, 40 günə 1600 manat qazanc əldə edib. S.Səlimov gələn mövsümdə azı 3 dəfə çox toxum götürəcəyini bildirib.
İşçi qrupunun üzvləri Çiyni kəndində sahibkar Müşviq İsmayılova məxsus heyvandarlıq kompleksinin fəaliyyəti ilə maraqlanıb, ərazidəki pambıq sahələrini də gəziblər.
Sonra rayon mədəniyyət sarayında aqrar sektorda çalışan sahibkarların, fermerlərin, mütəxəssislərin, eləcə də müvafiq idarə və təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev müşavirəni açaraq, kənd təsərrüfatı sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı son illərdə aqrar sektorun strateji sahələrinin inkişafını təmin edib. Bu mövsümdə 34 min 876 hektarda taxıl yetişdirilib və artıq rayonun cənub ərazilərində biçin kampaniyasına başlanılıb. Heyvandarlıq, üzümçülük, bostan-tərəvəzçilik sahələrində də işlər ahəngdar gedir.
İcra hakimiyyətinin başçısı vaxtilə ənənəvi sahələr olan pambıqçılıq və baramaçılığın inkişaf perspektivlərindən danışaraq, bu il 1104 hektarda pambıq yetişdirildiyini, 50 qutu ipəkqurdu toxumu bəslənildiyini və nəticələrin ürəkaçan olduğunu söyləyib.
İşçi qrupunun rəhbəri, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək, dövlətimizin başçısının kənd təsərrüfatının ixracyönümlü sahələrinin, o cümlədən pambıqçılıq və baramaçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu tapşırıqları diqqətə çatdırıb, sahibkarlara, fermerlərə dövlət dəstəyindən danışıb.
Vaxtilə Ağsuda 5 min hektar sahədə pambıq əkildiyini, 10 min ton məhsul istehsal olduğunu vurğulayan A.Əmiraslanov uzun illərdən sonra bu gəlirli təsərrüfat sahəsinin dirçəldilməsi istiqamətində görülən işləri təqdir edib. Bildirilib ki, pambıqçılığın inkişafı üçün texnika parklarının yaradılmasına başlanılıb.
Prezident Administrasiyasının rəsmisi diqqəti kooperasiyaya əsaslanan təsərrüfatların ümidverici perspektivlərinə yönəldərək, bununla bağlı maarifləndirmə işlərinin zəruriliyini vurğulayıb.
Müşavirədə qeyd olunub ki, kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm də sosial məsələlərin həllində mühüm rol oynayır. Bu baxımdan ixracyönümlü sahələrin dirçəldilməsi xüsusilə vacibdir. Pambıqçılıq və baramaçılıq kimi ənənəvi sahələrin inkişaf etdirilməsi ilə əhalinin güzəranının daha da yaxşılaşdırılmasına nail olmaq mümkündür. Hazırda Prezident İlham Əliyev bu sahələrin dirçəldilməsini prioritet vəzifə kimi qarşıya qoyub. Dövlət tərəfindən istehsalçılar üçün əlverişli şərait yaradılıb. Aqrar sektora dövlət dəstəyi ilə yanaşı, idarəçiliyin təkmilləşdirilməsi, torpaqlardan səmərəli istifadə, əkin potensialının imkanlarının səfərbər edilməsi, yeni texnologiyaya əsaslanmaqla, modernləşdirməyə diqqət yetirmək də xüsusilə zəruridir.
Sonra müşavirə diskussiya şəraitində davam edib. Sahibkar və fermerləri maraqlandıran suallara aydınlıq gətirilib, onların təklifləri dinlənilib.