Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balacalar üçün gözəl hədiyyə
Ağsu şəhərinin Mehdi Hüseyn küçəsindəki 140 yerlik “Qərənfil” uşaq bağçası-körpələr evi əsaslı təmirdən sonra 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yenidən istifadəyə verilib. İkimərtəbəli binanın damı tamamilə dəyişdirilib, qapı və pəncərələr təzələnib, döşəmə, suvaq və rəngləmə, daxili və xarici mühəndis-kommunikasiya işləri aparılıb. Müasir dizaynla işlənən yeməkxana, istirahət və əyləncə otaqları bütün zəruri inventar və avadanlıqla təchiz edilib. Ayrıca qazanxana, su anbarı tikilib, uşaqların əyləncə yerləri qurulub, yaşıllıqlar salınıb.
Əsaslı təmirdən sonra uşaq bağçası-körpələr evinin açılış mərasimi keçirilib. Balacaların, valideynlərin, çoxsaylı qonaqların iştirakı ilə təşkil olunan mərasimi rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq, ikiqat sevinc yaşayan balacaları təbrik edib, ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi önəm verildiyini, uşaqlara hərtərəfli dövlət qayğısı göstərildiyini diqqətə çatdırıb.
Çıxış edən valideynlər yaradılan gözəl şəraitə görə təşəkkürlərini bildiriblər.
Mərasim rayon musiqiçilərinin ifasında maraqlı konsert proqramı, balacalar tərəfindən söylənən mahnı və şerlərlə davam etdirilib.