Heydər Əliyev Mərkəzində keçirilən açıq dərslər başa çatıb
Ağsudakı Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tədris olunan ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, onun hakimiyyəti illərində quruculuq və abadlıq işlərinin aparılması, xalqa, dövlətə diqqət və qayğısı və sair mövzulardakı açıq dərslər başa çatıb.
Yekun məşğələsində Ərəbuşağı, Təklə, Kəndoba, Ləngəbiz tam orta məktəblərindən ümumilikdə 52 nəfər şagird iştirak edib. Aratkənd kənd tam orta məktəbinin tarix müəllimi Taleh Şikarov yekun dərsi canlı ünsiyyət, şagirdlərin yüksək fəallığı şəraitində keçib. Ümummilli Liderimizin uşaqlıq və gənclik illəri ilə bağlı məlumatları diqqətlə dinləyən məktəblilər Ulu Öndərin həyatının Moskvadakı dövrü, Azərbaycanın müstəqilliyi və dövlət quruculuğu dövründəki gərgin və əvəzsiz xidmətləri barədə bilgilərə böyük maraq göstəriblər. Bu da təbii ki, böyük lider, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin ötən əsrin 90-cı illərin əvvəllərində erməni təcavüzü şəraitində, çətin duruma düşən Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti ilə bağlı idi.
Məktəblilər 1999-cu il sentyabrın 20-də bağlanan “Əsrin müqaviləsi” ilə iqtisadi dirçəlişin əsasının qoyulması, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi, sosial siyasət, təhsil siyasəti barədə məlumatları böyük maraqla dinləyiblər. Vurğulanıb ki, məhz Ulu Öndərin, daha sonra onun davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, məqsədyönlü fəaliyyətləri nəticəsində bu gün Azərbaycan regionun ən qüdrətli ölkəsidir.
Açıq dərsdə şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonda məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər və sənədlər barədə məlumatlandırılıblar.