Ağsuda əhalinin kütləvi tibbi müayinəsi başa çatıb
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar fevralın 15-dən başlanan kampaniya Ağsu rayonunda müvəffəqiyyətlə başa çatıb.
Kampaniya çərçivəsində 46 min 637 nəfər tibbi müayinədən keçib. Onlardan 5526 nəfəri ambulator, 422 nəfəri stasionar müalicəyə cəlb olunub. 317 nəfər isə Bakı şəhərinə ixtisaslaşdırılan klinikalara göndərilib. Tibbi müayinə zamanı zəruri ehtiyacı olan 31 nəfərin üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılıb.
Qeyd edək ki, sakinlərin kütləvi dispanserizasiyası mərkəzi rayon xəstəxanasında, habelə 10 həkim məntəqəsində həyata keçirilib. Mərkəzi rayon xəstəxanasında ayrı-ayrı ixtisaslar üzrə həkimlərdən təşkil edilən xüsusi briqada fəaliyyət göstərib ki, bu qrup müayinəyə gələ bilməyən ahıl insanlara evlərində xidmət göstərib.
Pulsuz tibbi müayinəyə cəlb olunan insanlar hər yerdə onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.