Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda toplantı və konsert keçirilib

14 iyun 2023 | 15:55

       14 iyun 2023-cü il tarixdə Ağsu şəhər Mədəniyyət evində Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda toplantı və konsert keçirilib.

      Toplantıda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalıları, ağsaqqalları, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, rayonun mədəniyyət və incəsənət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

        Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər. Tədbir öncəsi Dövlət himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-film nümayiş etdirilib.  

        Toplantıda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayıb, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb və iştirakçıları təbrik edib. Əlamətdar günə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən tədbirin “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olduğunu bildirib. İcra başçısı Ulu Öndərin keçdiyi yolları və tarixi vərəqlədikcə onun atdığı addımların hər bir azərbaycanlını qürurlandırdığını qeyd edib. Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə müasir müstəqil Azərbaycanın qurulması üçün misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Rayon rəhbəri bildirib ki, Ümummilli Lider hakimiyyətə gəlişi ilə ən geridə qalmış Azərbaycanı qısa bir vaxtda inkişaf etmiş ölkələr sırasına gətirib çıxardı. Ölkədə iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də bir çox sahələr sürətlə inkişaf etməyə başladı. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Vurğulayıb ki, 1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider, ilk növbədə, ölkədə siyasi sabitliyi təmin etdi. Ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirərək onun müstəqilliyini əbədiləşdirdi. Zamanın ağır və sərt sınaqlarına sinə gərən müstəqil Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit yarandı.

      Digər çıxış edənlər qeyd ediblər ki, 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Qeyd edilib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

      Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib. Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur.  

      Daha sonra tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

 

Keçidlər