15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri keçirilib
İyunun 15-də Ağsu şəhərinin mərkəzindəki Heydər Parkında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə ümumrayon bayram tədbiri böyük təntənə ilə keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Ağsu rayon Heydər Əliyev Mərkəzində davam etdirilib.
Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov deyib ki, 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü xalqımız üçün böyük ictimai, siyasi iradənin reallaşdığı tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixində taleyüklü möhtəşəm siyasi hadisə olmaqla dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
RİH başçısı vürğulayıb ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Ölkə başçısının bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu.
Sonra rayonun incəsənət xadimləri bayram konserti ilə çıxış ediblər. Ulu Öndərə həsr edilən musiqi nümunələri, vətənpərvərlik mahnıları əsl bayram əhval-ruhiyyəsi yaradıb.