Ağsu gəncləri torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bildiriblər
Ağsu gəncləri aprelin 2-nə keçən gecə erməni ordusunun təmas xəttində törətdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin sərt cavab tədbirlərinə, azğın düşmənlərimizin nəinki heç bir beynəlxalq hüquqa, ümumən bəşəri dəyərləri saymazlığına qarşı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə dəstək aksiyası keçiriblər.
Rayon gəncləri əllərində Azərbaycanın üç rəngli bayrağı və plakatlarla Heydər Əliyev parkına gələn gənclər ermənilərin təxribatına, erməni separatçılarının məkrli niyyətinə qarşı sərt şüarlar səsləndirərək Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olduqlarını, Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi uğrunda döyüşlərə getməyə can atdıqlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində erməni təxribatçılarının aprelin 2-nə keçən gecədən törətdikləri təxribatların acı nəticələrini əks etdirən videoçarxa baxıblar. Dağıdılan kəndlər, böyük izdihamla keçirilən igid əsgər və zabitlərimizin dəfn mərasimləri, dinc adamların ölümü əsrlərdən bəri erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri qırğınların bariz nümunəsi idi. Gənclər bu vəhşiliklərin cəzasız qalmayacağını bəyan ediblər.