Ordumuz Ali Baş Komandan İlham Əliyevin hər bir əmrinə müntəzirdir
Ağsu rayon ictimaiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilən iclasında Ali Baş Komandan İlham Əliyevin konkret mövqeyini ürəkdən alqışlayır, dövlətimizin başçısının hər bir əmrinə səfərbər olduqlarını bildirirlər.
Aprelin 4-də Ağsu rayon Mədəniyyət sarayında keçirilən yığıncaqda çıxış edən rayon rəhbərliyi, Qarabağ müharibəsi veteranları, ağsaqqallar və gənclər aprelin 2-nə keçən gecə erməni qoşunlarının təxribatını və Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbəsini bir daha diqqətə çatdıraraq, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışının erməni separatçılarına ciddi xəbərdarlıq olduğunu söyləyiblər. Vurğulanıb ki, cavab zərbəsində erməni silahlı qüvvələri xeyli canlı qüvvə və texnika itirib, bir sıra strateji yüksəkliklər azad olunub.
Qarabağ Əlilləri və Veteranları Şurası rayon şöbəsinin sədri Allahverdi Qəmbərov Prezidentin çıxışından aşağıdakı fikri sitat gətirib: “Biz sadəcə olaraq təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu bir. İkincisi, biz öz torpaqlarımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”. A.Qəmbərov dövlətimizin başçısının bu bəyanatının hər bir Azərbaycan vətəndaşının qəlbindən gəldiyini söyləyib.
Çıxışlarda hər bir ağsulunun Prezidentin əmrlərinə səfərbər olduğu bildirilib.
Prezident, Ali Baş Komandan İlham Əliyevə qəbul olunan müraciətdə də bu fikir dönə-dönə vurğulanıb.