“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Ağsu rayon icra hakimiyyətinin dəstəyi ilə “Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği” layihəsi çərçivəsində tədbir keçirib
Ağsu rayon mədəniyyət sarayında 200 nəfərdən çox gəncin iştirak etdiyi tədbiri rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva açaraq, multikulturalizmin Azərbaycan xalqının milli mənəvi sərvəti olduğunu, onun bəşəri dəyərini, bu dəyərin qorunub saxlanmasının və təbliğinin əhəmiyyətini diqqətə çatdırıb. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının xüsusi əhəmiyyətini vurğulayan S.Mirzəliyeva, ölkəmizdə multikulturalizmin artıq həyat tərzinə çevrildiyini bildirib.
“ Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov tədbirdə çıxış edərək, ötən aydan icrasına başlanan layihə çərçivəsində Xaçmaz, Quba və Şabranda, bu gün isə Ağsuda keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Ç.Bayramov, TUMİB-nin idarə heyətinin üzvü Seymur Verdizadə və başqaları qeyd ediblər ki, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyaya əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan inkişaf edə bilməzlər. Buna sübut Azərbaycanın inkişafıdır. Burada Azərbaycan milli mədəniyyətinə inteqrasiya olan müxtəlif xalqların mədəniyyətləri harmonik inkişaf edir.
Çıxışlarda bu gün ətraf aləmdən təcrid olan, yalnız ermənilərin yaşadıqları Ermənistanın bir bəlaya çevrildiyi diqqətə çatdırılıb. Erməni separatçıları multikultural dəyərlərə malik, tolerant ölkə olan Azərbaycana qarşı işğalçılıq siyasətindən, təxribatlardan əl çəkmirlər. Düşmənin qoşunların təmas xəttində törətdikləri son hadisələr də ağır itkilərlə nəticələnib. Çıxışlarda Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikir xüsusi vurğulanıb: “Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. O ki qaldı Dağlıq Qarabağda yaşayan erməni əhalisinə, onlar gələcəkdə Azərbaycan vətəndaşları kimi Azərbaycanda rahat yaşaya bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycan bir çox ölkələr üçün nümunədir, multikulturalizm məkanıdır, toleratlıq diyarıdır”.
Azərbaycan torpaqları hesabına özlərinə dövlət quran, iki yüz ildən bəri xalqımıza qarşı planlı şəkildə soyqırımları, dəhşətli qətliamlar törədən, yenidən torpaqlarımızın 20 faizini işğal edən, bir milyondan çox vətəndaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salan ermənilərə qarşı bu humanist bəyanatı yalnız multikultural dəyərləri olan tolerant bir ölkənin rəhbəri söyləyə bilər.