Şriftin ölçüsü :

Saytın rəngi :

13.05.2025-ci il tarixdə Ağsu rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib

13 may 2025 | 17:36

     Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının akt zalında 13.05.2025-ci il tarixdə rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin muavini, millət vəkili Eldar İbrahimov, Şuranın Aparat rəhbəri Ramin Həsənli  və Milli Məclisin deputatı Elçin Mirzəbəyli iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

     Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov yığıncaqı giriş nitqi ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət  və qayğısı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib.

    Ağsu rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov ötən dövr ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Öz çıxışında Rayon Ağsaqqallar Şurasının fəaliyyətindən ətraflı bəhs edən natiq təşkilatın üzvlərinin iştirakı ilə keçirilən görüşlərdən, tədbirlərdən, gənclərlə maarifləndirici söhbətlərin aparılmasından və digər məsələlərdən söz açıb. Sonda yığıncaq iştirakçılarına minnətdarlığını ifadə edib, bundan sonra da şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

    Tədbirdə millət vəkilləri Eldar İbrahimov və Elçin Mirzəbəyli çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıblar. Rayon ağsaqqalı Xanlar Hüseynov və Ağsu rayon Statistika İdarəsinin rəisi Mirəli Nağıyev çıxış edərək rayon Ağsaqqallar Şurasının illik fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.

Keçidlər