Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

27 fevral 2016 | 11:00

     Tədbir iştirakçıları öncə  Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Mədəniyyət sarayında keçirilən  hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirmişdir ki, 2015-ci ildə də Azərbaycan uğurla inkişaf etmiş və  qarşıda duran vəzifələr yerinə yetirilmişdir.  Prezident İlham Əliyevin rəhbərliyi altında  bütün sosial proqramlar, o cümlədən sosial infrastruktur layihələri  icra olunmuş, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlər görülmüşdür. 
         Hesabat  ilində ilk dəfə birinci Avropa Oyunları keçirilmiş  və bu idman tədbiri bütün dünyaya Azərbaycanın imkanlarını göstərmişdir.  Parlament seçkiləri də şəffaf və demokratik şəkildə baş tutmuş, xalqımızın iradəsini əks etdirmişdir.
      Sosial-iqtisadi sahədə inkişaf davam etmişdir. İqtisadi artım 3,1 faiz təşkil etmiş və Ümumi Daxili Məhsul istehsalı 50 milyard dollar həcmindədir. Burada qeyri-neft sektoru əhəmiyyətli rol oynamışdır.  Həmin sahə keçən il 4 faizdən çox yüksəlmişdir. Onun iqtisadiyyatda çəkisi 70 faizə çatmışdır. Bütövlükdə il ərzində qeyri-neft sənayesi 7,7 faiz artmışdır. Eyni zamanda bütün dünyada neftin qiymətinin 4 dəfədən artıq aşağı düşməsi və maliyyə çətinliklərinin artması ilə Azərbaycana da təsirsiz qalmamışdır. Manatın devalvasiyası  və onun təsirinin minimuma endirilməsi  üçün 2016-cı ildə qeyri-neft sektorunun neftdən asılılığının tam azaldılması ilə bağlı proqram həyata keçiriləcəkdir   
   Öllkə regionlarında aparılan uğurlu tərəqqi  meyllərinə  uyğun olaraq Ağsu rayonunda da sosial-iqtisadi inkişaf sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi davamlı xarakter almışdır.  2015-ci  ildə  də bütün sahələrdə dinamik  inkişaf davam etdirilmişdir. Reallaşan layihələr yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır.
      Hesabat ili daha çox  dövlət  başçısı  İlham Əliyevin rayonumuza səfəri ilə yadda qalmışdır. Sentyabr ayının 17-də ictimaiyyət nümayəndələri ilə görüşdə rayonda görülən işlərə yüksək qiymət verən ölkə prezidenti yeni inşa olunan və yenidən qurulan obyektlərdə tikinti işləri ilə tanış olmuşdur. Onun iştirakı ilə Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində yenidən qurulan Ağsu şəhərinin su təchizatı, İdman kompleksi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının İcra Aparatı üçün İnzibati bina, əsaslı təmir olunmuş Şahmat məktəbi və Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolu istifadəyə verilmişdir.
        Rayon ərazisində abadlıq-quruculuq işləri davam etdirilmişdir. Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılmış, abidə müasir layihə üzrə bərpa olunmuşdur  Heydər Əliyev küçəsində hasarlar “Ağlay” üzlük daşları ilə üzlənmiş, səkilərə tomet döşənmişdir, Cəfər Cabbarlı küçəsində, Bakı–Şamaxı–Yevlax yolunun Ağsu şəhəri ərazisindən keçən hissəsi abadlaşdırılmış, burada yaşıllıq zolaqları salınmışdır. Tofiq İsmayılov, 20 Yanvar, Tariyel Xasiyev, Səməd Vurğun, Sabir,  M.Ə.Rəsulzadə və Firdövsi küçələrində hasarlar dekorativ üzlük daşlarla üzlənmiş və piyada səkiləri yenidən qurulmuşdur. 
        Heydər Parkında ulu öndərin abidəsi qranitdən olan yeni abidə ilə əvəz edilmiş, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti  rayon Elektrik Şəbəkəsi üçün yeni və müasir bina inşa olunmuş, Telekommunikasiya Qovşağının və Poçt Filialının inzibati binaları əsaslı təmir olunmuşdur. Kənd Təsərrüfatı İdarəsi üçün inzibati binanın, 100 yerlik uşaq bağçasının, “Az-Granata” MMC-nin yeni süzmə sexi və soyuducu anbar kompleksinin, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün hər biri 3 otaqdan ibarət 10 fərdi yaşayış evinin, Pirhəsənli, Rəhimli və Cəlayir kəndlərində modul tipli su təmizləyici qurğuların, digər bir çox sosial obyektlərin təmiri və bərpası istiqamətində əsaslı işlər davam etdirilmişdir.
    Ağsu şəhərində müasir işıqlandırma xətlərinin ümumi uzunluğu 19,5 kilometrə, işıqlandırma nöqtələrinin sayı isə 611-ə çatmışdır.  Təkcə ötən il Mirfəti Xəlilov və 20 Yanvar küçələrində 30 ədəd yeni işıqlanma dayaqları quraşdırılmışdır.
      Yol  infrastrukturunun təzələnməsi  sahəsində işlər də diqqət mərkəzində olmuşdur.  Bütün maliyyə  mənbələri hesabına  ötən il Ağsu şəhərinin asfaltlaşdırılan küçələrinin ümumi sahəsi 204,0 min kv. metr, uzunluğu isə 21 kilometr təşkil etmişdir. Bununla da son 2 il ərzində 36 kilometr uzunluqda  şəhər küçələrinə yeni asfalt örtük vurulmuşdur.
       Agsu-Kürdəmir magistral yolu ilə rayonun İlxıçı, Hacıqədirli, Qaravəlli və Bəyimli kəndlərini birləşdirən ümumi uzunluğu 9,5 kilometr olan yollar da  asfaltlaşdırılmışdır.  İkinci  Kənd  İnvestisiya Layihəsi çərçivəsində rayon ərazisində  15,8  kilometr  çınqıl  yol  salınmışdır.       
 "Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayon üzrə ümumilikdə 11 min ədəd uzunömürlü ağac əkilmişdir. Şəhərin küçə və meydanlarında, yol kənarlarında ümumilikdə 28,6 min kvadrat metr yaşıllıqlar salınmış, 10,5 min  ədəd müxtəlif növ uzunömürlü və dekorativ bəzək ağacları, 45 min ədəd gül kolları əkilmişdir.
    Həyata keçirilən  abadlıq, tikinti-quruculuq işləri sayəsində iqtisadiyyatın  ayrı-ayrı sahələrinə qoyulan investisiyanın məbləği 2003-cü illə müqayisədə  123  dəfə ataraq ötən il 34,6 milyon  manata çatmışdır.
      Regional Dövlət Proqramlarının icra olunduğu müddətdə dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondu tərəfindən şagird yerlərinin ümumi sayı 4256 olan 22  yeni məktəb binaları  inşa olunmuşdur.
     Dövlət başçısı cənab İlham Əliyevin müvafiq  sərəncamları  ilə ayrılmış  vəsait hesabına rayon Mərkəzi xəstəxanası üçün 145 çarpayı yerlik müasir tipli binada ötən il  tikinti-quraşdırma  işləri davam etdirilmiş və hazırda tikinti kompleksi isismara tam  hazır  vəziyyətdədir.
       Mövcud problemlərin və çətinliklərin vaxtında həll edilməsi müəssisə və təşkilatların fəaliyyətinə ciddi təsir göstərməmişdir. Nəticədə əsas  iqtisadi  göstəricilərdən  sayılan Ümumi  Məhsul  Buraxılışında geriləmə halları aradan qaldırılmış və əvvəlki illə müqayisədə inkişafa nail olunmuşdur. 155,9 milyon  manatlıq  məhsul  istehsal  olunmuşdur ki,  bu, 2014-cü illə müqayisədə 3,3 faiz çoxdur.
     Kənd təsərrüfatı  28,1  faiz  artmışdır. Hesabat ilində kənd təsərrüfatı istehsalçılarına dövlət maliyyə yardımı davam etdirilmişdir. Rayonda rekord miqdarda  taxıl yetişdirilmişdir.  Əvvəlki illə müqayisədə taxıl istehsalının həcmi 70,9 faiz artaraq 119,1 min ton təşkil etmişdir. Hər hektardan orta  məhsuldarlıq 34,7 sentnerə çatmışdır ki, bu, əvvəlki illə müqayisədə 1,8  dəfə yüksəkdir.
      Bununla yanaşı kənd  təsərrüfatı potensialından hələ lazımınca istifadə olunmur. Torpaqların  əkin dövriyyəsinə cəlb olunması, mütərəqqi kənd təsərrüfatı müəssisə və təşkilatlarının  sayı aşağı olaraq qalır.  
   Son llərdə sənaye sahəsinin maddi-texniki bazası möhkəmləndirilmişdir. Ümumilikdə sənaye buraxılışının həcmi  6,2  milyon  manat  təşkil etmiş, yaxud  2014-cü ildəkindən 8,7  faiz  çox  olmuşdur.
       2015-ci  ildə 374-ü daimi olmaqla rayonda  492 yeni  iş  yeri  açılmışdır.  Muzdla  işləyənlərin  orta  aylıq  əmək  haqqı 2014-cü illə müqayisədə  2,4  faiz  artaraq  272,3 manata çatmış, əhalinin  hər  nəfərinə   2342 manat  gəlir əldə  edilmişdir.
Sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olanlara  dövlət tərəfindən hərtərəfli dəstək  verilir. 2002-2015-ci  illərdə  ümumilikdə 609  sahibkar  16,9  milyon  manatlıq  güzəştli  kreditdən  yararlanmışdır.
     Yerli əhəmiyyətli problemlərin həllində bələdiyyələrin gücündən hələ də səmərəli istifadə olunmur.  Onların  yerli büdcəsinin gəlirləri azalmaqda davam edir.  Ötən il yerli özünüidarəetmə orqanlarının büdcəsinə ümumilikdə 166,4  min   manat pul  daxil  olmuşdur ki, bu, 2014-cü illə müqayisədə  46 faiz təşkil edir.  Proqnoz tapşırığı cəmi  25  faiz yerinə  yetirilmişdir.
          Hesabat  ilində  rayon  büdcəsinin  14  milyon 422 min  manat təşkil  edərək  proqnoz 94,7  faiz  icra  olunmuşdur.  Büdcəyə 2014-cü  illə  müqayisədə 3,2  faiz  az  vəsait  daxil  olmuşdur. 
    Yerli gəlirlər üzrə proqnoz  tapşırığı 5,6 faiz kəsirdə qalmış,  2014-cü illə müqayisədə isə  1,7  faiz azalmışdır. Gəlirləri   artırmaq  üçün heç də imkanlardan tam və səmərəli  istifadə  olunmamışdır. Mülkiyyətdən vergilər və dövlət rüsumu istisna olmaqla digər tədiyələr üzrə tapşırıqlar yerinə yetirilməmişdir.
        Əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aparılan işlər diqqət mərkəzində  saxlanmışdır. İl ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 1098 ailə müraciət etmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq  121 vətəndaşa ünvanlı yardım verilməsindən imtina edilmişdir. Ailə üzvlərinin sayı 4560 olan  977  nəfərə ünvanlı dövlət yardımı təyin edilmişdir. 
        Məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində ciddi irəliləyiş yoxdur. 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən 2 milyon 833 min manat vəsait toplanmışdır.  Qeyri-büdcə təşkilatlarından və özəl sektordan 558 min manat vəsait yığılmışdır ki, bu da  ümumi daxilolmalarda cəmi 19,7 faiz təşkil edir.
     Son illər rayonda elektrik və qaz təsərrüfatının, əhalinin su təchizatının yaxşılaşdırılması  sahəsində xeyli işlər  görülmüşdür.
      Bununla yanaşı elektrik  təsərrüfatının  işində ciddi  problemlər  qalmaqdadır. Əksər yerlərdə, xüsusilə kənd yaşayış məntəqələrində elektrik enerjisinin   ötürülməsi texniki  norma  və  şərtlərin pozulması  ilə  aparılır. 
        Qazlaşdırma davam etdirilmiş  və  əhalisinin ümumi sayı 68,8 min  nəfər olan  Ağsu şəhərinə və 62   kənd  yaşayış  məntəqəsinə   qaz verilişi bərpa  olunmuşdur. Beləliklə, rayon əhalisinin 92,5 faizinin yaşadığı ərazilər təbii qazla tam  təmin olunmuşdur.
          İçməli su təchizatının yaxşılaşdırılması ilə bağlı son  illərdə mühüm layihələr  həyata keçirilməsinə baxmayaraq əksər kəndlərdə əhali təmizlənməmiş və zərərsizləşdirilməmiş  sudan istifadə edir. Su mənbələri üzərində quraşdırılması nəzərdə tutulan 8 modul tipli sutəmizləyici qurğudan yalnız 2-nin tikintisi başa çatdırılmışdır.  Əhaliyə,  müəssisə  və  təşkilatlara satılmış  suyun  haqqının ödəniş  səviyyəsi   cəmi  86,8  faiz olmuşdur.
          Rayon İcra hakimiyyətinin təşkilatçılığı sayəsində son dövrlərdə ümumtəhsil məktəblərinin göstəricilərində müəyyən irəliləyişlərə nail olunmuşdur. Bununla yanaşı 2014-2015-ci dərs ilində  tam orta  məktəbi bitirən  538 on birinci  sinif məzunundan   cəmi  273-ü ali  təhsil almaq üçün ərizə vermiş, bunlardan da  103-ü  tələbə  adını  qazanmışlar.  Son illərdə tələbələrin sayında artım əldə edilsə də təhsilin keyfiyyətinin  yaxşılaşması üçün hələ də  səmərəli tədbirlər görülmür. Təkcə onu qeyd etmək kifayətdir ki, imtahan verən məzunların 37,7 faizi 100 baldan  da aşağı  nəticə göstərmişdir. 500  baldan yuxarı nəticə əldə edənlər cəmi 3,3 faiz  olmuşdur.
     2015-ci  ildə rayonda 1474 uşaq doğulmuş və əhali arasında 442 ölüm qeydə alınmışdır.  Təbii artım 1032 nəfər   ölmüşdür. 
  Səhiyyə xidmətinin səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər gücləndirilməlidir.  Həkimlərin  və  orta  tibb  işçilərinin  yetişdirilməsi  üçün rayon  üzrə  konkret  Proqram  hazırlanmalıdır. 
    2008-ci ildən başlayaraq maddi-texniki bazanın  möhkəmləndirilnəsinə baxmayaraq mədəniyyət müəssisələri öz işlərini günün tələbləri səviyyəsində qura bilmirlər. İxtisaslı və peşəkar kadrların çatışmaması üzündən  keçirilən tədbirlərin səmərəsi aşağıdır. Kitabxana xidməti isə müasir dövrün tələbələrinə uyğunlaşdırılmamışdır. 
     Rayonda gənclərlə iş üzrə 33 rayon tədbiri keçirilmiş və bu tədbirlərdə 4708 nəfər iştirak etmişdir. Rayon gəncləri  zona və respublika tədbirində də təmsil olunmuşlar.  Bunlarla yanaşı Gənclər və İdman İdarəsinin kollektivi  istedadlı  gənclərin və yeniyetmələrin üzə çıxarılması, onların bacarıqla irəli çəkilməsi, problem və çətinliklərinin həll edilməsi sahəsində təşəbbüskarlığını artırmalı, idmanın ayrı-ayrı növlərinin təbliği, kütləviliyinin artırılması sahəsində işləri gücləndirməlidir.
        2015–ci ildə rayonda telefon rabitəsi xidmətlərinin həcmi əvvəlki illə müqayisədə 1,3 faiz artaraq 429,0 min manata çatsa da  gəlirlər proqnozu 4,7 faiz  kəsirdə qalmışdır. ATS-lərin montaj tutumundan istifadə  cəmi 59,4  faiz  təşkil edir.  Telefon nömrələrinin sayı  Ağsu şəhərində və kəndlərdə  əvvəlki  ildəkindən  528  ədəd yaxud  12,3  faiz  aşağı düşmüşdür.
          Hərbiyə yararlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  tərəfindən verilmiş tapşırıqlar bir qayda olaraq artıqlaması ilə yerinə yetirilmişdir.
        2015-ci ildə qanunçuluğun qorunması  və ictimai asayişin mühafizə olunması sahəsində rayonun hüquq-mühafizə orqanları tərəfindən müəyyən işlər görülmüşdür.  81  cinayət hadisəsi qeydə alınmış, bundan 4-ü açılmamışdır. Açılma faizi 92,3 faiz olmuşdur. Narahatlıq doğuran digər hal 2014-cü illə müqayisədə  hesabat ilində 6 cinayət hadisəsinin çox olmasıdır.
        Ağır və xüsusilə ağır cinayətlərin açılması tam  təmin olunmuşdur. Cinayət törədərək axtarışda olan 6 nəfərin hamısı tutulmuşdur.   Aparılan əməliyyat-axtarış və profilaktik tədbirlərin nəticəsində vətəndaşlardan qanunsuz saxlanan silahların yığılması ışləri davam etdirilmiş, narkotiklə bağlı 5 cinayət faktı aşkar olunmuşdur.
        2015- ci ildə rayon ərazisində 7  yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə 2 nəfər ölmüş 5 nəfər isə yaralanmışdır. Yol hərəkəti qaydalarının pozulması üzrə 2615 fakt aşkar edilmişdir.
    Rayon  icra hakimiyyəti başçısı Aparatında  vətəndaşların qəbulu, onların şikayət və  ərizələrinə müəyyən edilmiş müddətlərdə, obyektiv və  həssaslıqla yanaşılması üçün genişmiqyaslı işlər həyata  keçirilir.  Ötən il  rayon  İcra  hakimiyyətinə  767 vətəndaş  müraciəti  daxil  olmuşdur  ki,  bu,   əvvəlki   ilə  müqayisədə  3  ədəd  çoxdur.
Vətəndaşlardan  bilavasitə  rayon  İcra  hakimiyyətinin  ünvanına  daxil  olan  müraciətlərin  sayı  294  ədəd  olmuşdur. Dövlət  orqanlarından  və  digər  qurumlardan  baxılmaq  üçün  daxil  olan  müraciətlərin  ümumi  sayı  473 ədəd təşkil edir.   Nəzarət  qaydasında  baxılan müraciətlərin sayı  2014-cü illə müqayisədə  4 ədəd azalsa  da  vətəndaş müraciətlərinin 61,7 faizinin mərkəzi icra  hakimiyyəti orqanlarından və digər qurumlardan, o cümlədən 48 faizinin Administrasiyadan daxil olması təəssüf doğurur.                                                                                                      İl ərzində 42   şikayət  daxil  olmuşdur. Bu, müraciətlərin 5,4  faizini təşkil edir və  2014-cü   illə  müqayisədə 9 ədəd  azdır.   11  şikayət  ərizəsi  müsbət, 1 ədədi isə qismən həll  olunmuşdur. 
     Ötən ildən  vətəndaş müraciətlərinin vahid elektron sisteminə keçirilmişdir.   Vətəndaşların qəbulu və onların müraciətlərinə  baxılması  işinin  vəziyyəti  yanvar və iyul aylarında  rayon  İcra  hakimiyyəti  başçısı  yanında  Şuranın iclaslarında  müzakirə  edilmiş  və  müvafiq  qərarlar  qəbul  edilmişdir.
     Əvvəlki illərdə olduğu kimi vətəndaşların bilavasitə yaşadıqları ərazidə qəbuluna üstünlük verilmişdir. Ötən il keçirilən  46  səyyar qəbulda  vətəndaşlar tərəfindən  183  məsələ  qaldırılmışdır. 
Görülmüş tədbirlərə baxmayaraq  RİH başçısı Aparatında rəhbərliyin forma və metodlarının yenilənməsi prosesi ləng gedir.  Rayon  ərazisindəki müəssisə və təşkilatların işinin əlaqələndirilməsində prinsipiallıq göstərilməli, problem və çətinliklərin aradan qaldırılması üçün çevik qərarlar qəbul edilməlidir. 
      Rəhbər kadrlara qarşı tələbkarlıq artırılmalıdır. Bu, birinci növbədə RİH başçısının Aparatında və yerli icra nümayəndəliklərində çalışanlara aiddir. Onların bir çoxu vəzifə borclarını layiqincə yerinə yetirə bilmirlər.  RİH başçısının Ərəbsarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pünhan Səmədov ərazinin sosial problemlərinin həllində,  vətəndaşların qəbulu və onların müraciətlərinə baxılmasında az fəallıq göstərir, ekstremal vəziyyətlərdə çevik qərarlar qəbul edə bilmir.  Rayonun hər   bir kollektivdə işlərin vəziyyəti mütəmadi olaraq təhlil  olunmalı, arxayınçılığa, nöqsan və geriliklərə yol verən rəhbər vəzifəli şəxslər  barəsində ciddi tədbirlər görülməlidir.
     2016-cı ildə və qarşıda çox  mühüm vəzifələr dayanır. Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham  Əliyevin yanvarın 10-da  Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunan iclasındakı və yanvarın 26-da  regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına  həsr  olunmuş  Konfransdakı  çıxışları  hər  bir  rəhbər  işçi  və  dövlət  məmuru  tərəfindən Fəaliyyət  Proqramı  kimi  qəbul  edilməlidir.
    Rayonda sosial-iqtisadi inkişaf tədbirlərinin sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və  sosial problemlərinin həllini nəzərdə tutan geniş miqyaslı işlər görüləcəkdir. Kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi üçün məqsədyönlü Proqram hazırlanmalıdır. Əhalinin faydalı məşğulluğunun təmin olunması üçün mütərəqqi təsərrüfat formalarının – istehsal kooperativlərinin, fermer təsərrüfatlarının sayının artırılması və dənli bitkilərlə yanaşı yüksək məhsuldarlığa malik, iqtisadi cəhətdən səmərəli üzüm, pambıq və digər bitkilərin əkin sahəsinin genişləndirilməsi məqsədilə  maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac vardır.
Heyvandarlıqda yüksək məhsuldar mal-qaranın yetişdirilməsi üçün damazlıq işlərinin təşkili yaxşılaşdırılmalı, kənd təsərrüfatında intensiv əkin və suvarma metodlarının tətbiqinə nail olunmalıdır..
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə 4 fevral 2016-cı il tarixli Sərəncamla rayon icra hakimiyyəti başçısı yanında 11 nəfərdən ibarət   Qərargah   yaradılmışdır.  Qərargah ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflər hazırlayacaq, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirəcəkdir. Eləcə də  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli, 762 nömrəli Fərmanına uyğun olaraq  sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə sahibkarların  və belə  fəaliyyətlə  məşğul olmaq istəyənlərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə RİH başçısının müvafiq Sərəncamı ilə rayon icra hakimiyyətində  Apellyasiya Şurası  yaradılmışdır.
       Yeni iş yerlərinin yaradılması rayon icra hakimiyyətinin başlıca vəzifəsi olacaqdır. 2015-ci ildə Məşğulluq Mərkəzi tərəfindən 235 nəfər  vətəndaş işlə təmin olunsa da cari ilin əvvəlinə Mərkəzdə 1020 nəfər vətəndaş işaxtaran kimi qeydiyyatdadır.  Qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı təkliflər hazırlanmışdır. Bu məqsədlə  1 fevral 2016-cı ildən kommunal təsərrüfatı, yol tikintisi və təmiri sahələrində 353 nəfər çalışacaqdır.  Bu  günədək 328 nəfərə işə göndəriş  verilmişdir. 
       Sənaye şəhərciyinin yaradılması üçün infrastruktur sürətləndiriləcək, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün məqsədli proqramlar həyata keçiriləcəkdir.  Yaxın günlərdə  Ağsu şəhərində ərazisi 3 hektar olan sahədə inşası   başa çatacaq  müasir istixana kompleksində 60 nəfər daimi işçi çalışacaqdır.
   Fəaliyyəti dayanan müəssisələrin işə salınması da diqqət mərkəzində olacaqdır.  2008-ci ildən fəaliyyəti olmayan “Büllur” MMC-nin nəzdində də  faraş meyvə-tərəvəz yetişdirilməsi məqsədilə inşaat işlərinin görülməsi nəzərdə tutulmuşdur.
   Ərəbmehdibəy kəndində yaradılan “Aydan” Kəndli (fermer) təsərrüfatı tərəfindən  cari ildə 100 hektar  sahədə nar bağının salınması, fərdi mülkiyyətçi və ailə kəndli (fermer) təsərrüfatı tərəfindən ətlik və südlük maldarlığın inkişafı ilə bağlı tədbirlər azı 125 nəfərin işlə təmin olunmasına imkan verəcəkdir. Hacıqədirli kəndi ərazisində hər cür şəraiti olan, müasir  dizayn və memarlıq üslubunda  inşa olnan və süd istehsal edən 200 başlıq heyvandarlıq kompleksi istismara tam hazır vəziyyətdədir. 
      “Az.Şərab-3” ASC-nin nəzdində yaradılmış “Qradus 40” MMC-də  quraşdırılacaq  müasir avadanlıqlar və mütərəqqi texnologiyalar hesabına istehsal prosesləri yenilənəcək, xarici bazarlara rəqabətqabiliyyətli  alkoqollu içkilər çıxarılacaqdır. Müəssisədə həmçinin heyvandarlığın inkişaf etdirilməsi üçün 240 baş cins mal-qara saxlanan müasir heyvandarlıq kompleksi -  2 mexanikləşdirilmiş tövlə və  digər   yardımçı tikililər   istifadəyə veriləcəkdir.
    irhəsənıi bələdiyyəsi ərazisində sahibkar  Emin Bədəlovun sərmayəsi ilə inşa olunan heyvandarlıq kompleksi tam güclə işə düşdükdən sonra 100 baş ətlik-südlük istiqamətli iri buynuzlu mal-qara  və 1000 baş qoyun-keçi yetişdirilməsinə imkan verəcəkdir.
       Rayonda müasir tələblərə cavab verən mal-qara kəsimi  məntəqəsi yoxdur. 2016-cı ildə bu sahədə  də işlərin görülməsi nəzərdə tutulmuşdur. Ağsu şəhərinin cənub-şərqində “Mal bazarı” adlanan ərazidə sanitar-gigiyenik qaydalara cavab verən  kəsim məntəqəsinin inşası işlərinə başlanacaqdır. Burada   həmçinin ət istehsalı məqsədilə 200 baş  mal-qara tutumuna malik tikililər də  yaradılacaqdır.
        2016-cı ildə nəzərdə tutulmuş istehsal, xidmət və sosial-mədəni obyektlərin inşasına diqqət artırılacaqdır. Təbii  qaz  almayan  yaşayış  məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyi  ilə  birlikdə   əlavə tədbirlər  görüləcəkdir.  Qəzalı  vəziyyətdə  olan  və  əsaslı  təmirə  ehtiyacı  olan   ümumtəhsil məktəbləri üçün yeni binaların  tikintisinə   səy gö göstəriləcəkdir.
Hər cür şəraitə malik müasir xəstəxana binasının tikintisində işlərin başa çatdırılacaq  və  tikinti kompleksi istifadəyə veriləcək,  mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün əsaslı tədbirlər görüləcəkdir. Ağsu şəhərində kanalizasiya şəbəkəsinin tikintisi layihəsinin icrası, şəhər və kənd yollarının təmiri və asfaltlaşdırılması davam etdiriləcəkdir.
    Müəssisə, idarə və təşkilatlarda çalışanların iş şəraitinin yaxşılaşdırılması üçün imkanlardan tam istifadə ediləcəkdir. Əhalinin sosial müdafiəsi  və sosial təminat ilə bağlı dövlət tədbirləri aparılacaqdır.  Cari il üçün rayon  üzrə  gəlirlər  3 milyon 330 min manat  proqnozlaşdırılmışdır. Ayrı-ayrı tədbirlərin maliyyələşdirilməsinə  14  milyon 606 min manat vəsait xərclənməsi nəzərdə tutulmuşdur.
     Görülmüş  işlərin nəticəsində rayonda yüzlərlə yeni iş yerləri yaradılacaq və əhalinin məşğulluq səviyyəsi daha da yaxşılaşacaqdır.
        Hesabat yığıncağında çıxış edən Mərkəzi xəstəxananın çaş həkimi Ş.Məlikova, Polis şöbəsinin rəisi E.Paşayev, Təhsil şöbəsinin müdiri T.Xasi,  Su-Kanal İdarəsinin rəisi C.Hüseynov və başqaları rayonun sosial-iqtisadi  inkişafını daha da sürətləndirmək, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun yaxşılaşdırılması üçün səmərəli təkliflər vermişlər.
   Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları şöbəsinin məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin deputatı Tahir Kərimli yığıncağın işində iştirak etmişlər.
         Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul olunmuşdur.

          
 

Keçidlər