12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar “Dahi şəxsiyyət” mövzusunda elmi-praktiki konfrans keçirilib
12 dekabr 2023-cü il tarixdə şəhər Mədəniyyət evində Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş “Dahi şəxsiyyət” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir öncəsi konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərindəki abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər.
Şəhər Mədəniyyət evində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-film nümayiş olunub. Tədbir rayon məktəblilərinin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə davam etdirilib.
Konfransda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilmiş, Zəfər salnaməsi tarixdə öz layiqli yerini almışdır. RİH başçısı vurğulayıb ki, müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımızı daim işıqlandıracaqdır.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ağsu rayon ictimaiyyəti tərəfindən gün ərzində Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərindəki abidəsinə ziyarət davam etdirilmiş, abidə önünə gül-çiçək dəstələri qoyulmuş və Ulu Öndərin xatirəsi ehtiramla yad edilmişdir.