Ağsu rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilmişdir
Yyığıncaqda dünyanı bürüyən iqtisadi böhran, manatın devalvasiyası şəraitində istehlak bazarının normal təminatı, qiymətlərə nəzarət məsələləri geniş müzakirə olunub.
Ağsaqqalların, sahibkarların, yerli icra nümayəndələrinin, həmkarlar ittifaqı təşkilatları sədrlərinin və hüquq mühafizə orqanları rəhbərlərinin qatıldıqları tədbiri rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq iqtisadi böhran, manatın devalvasiyası şəraitində istehlakçıların mənafeyinin qorunması istiqamətində ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıb.
Çıxışlarda bu sahədə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi diqqətə çatdırılıb, süni qiymət artımının qarşısının alınması, buna yol verənlərin sərt cəzalandırılması ilə əlaqədar görüləcək tədbirlər müzakirə olunub. Pensiyaların və əmək haqlarının artırılması haqqında dövlətimizin başçısının son sərəncamlarının da məhz vətəndaşların sosial güzəranının yaxşılaşdırılmasına xidmət etdiyi vurğulanıb.
Yığıncaqda istehlak bazarını kənd təsərrüfatı məhsulları ilə tam təmin etmək üçün sahibkarlara lazımi dəstək veriləcəyi diqqətə çatdırılıb. Ötən mövsümdə Ağsu rayonunda 120 min ton taxıl istehsal edildiyi və bunun da yarısının buğda olduğu, buna baxmayaraq, un istehsalına lazımi qədər diqqət yetirilmədiyi bildirilib.
Tədbirdə istehlak bazarına nəzarətin gücləndirilməsi məqsədilə istehlakçıların hüquqlarının qorunması üzrə komissiya yaradıldığı, bu komissiyanın mütəmadi olaraq ticarət obyektlərində yoxlamalar keçirdiyi də qeyd edilib.