Ağsu rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə ümumrayon tədbiri keçirilib
Görkəmli siyasi xadim, müasir, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, xalqımız üçün əbədiyaşar lider olan Heydər Əliyevin vəfatının 12-ci ildönümü Ağsu rayonunda ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə ehtiramla yad edilib.
Dekabrın 12-də səhər saatlarında idarə, müəssisə və təşkilatların, geniş ictimaiyyətin çoxsaylı nümayəndələri şəhərin mərkəzindəki Heydər Əliyevin adını daşıyan parka gələrək burada Böyük Öndərin abidəsini ziyarət edib, heykəlin önünə əklil və qərənfillər düzüb, Ümummilli Liderə öz ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzində rayon fəallarının, ziyalıların, ağsaqqalların və gənclərin iştirakı ilə Ulu Öndərin vəfatının ildönümünə həsr olunan toplantı keçirilib. İştirakçılar ilk öncə bu dahi insanın həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.
Toplantını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, eləcə də “Heydər Əliyev-dinamik inkişaf edən Azərba ycanın memarı və qurucusu” mövzusunda məruzə edən icra başçısının müavini Sevil Mirzəliyeva və digər çıxışçılar bu gün Azərbaycanın qazandığı uğurların məhz Heydər Əliyev dühasının bəhrəsi olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, ötən əsrin 90-cı illərində təcavüzə məruz qalan, vətəndaş müharibəsi həddində olan Azərbaycanı xilas edərək müstəqillik yoluna çıxarmaqla gələcək güclü dövlət üçün möhkəm bünövrə yaratmaq kimi böyük bir tarixi missiyanı yerinə yetirən bu dahi şəxsiyyət misilsiz xidmətləri ilə öz xalqının qəlbində özünə əbədi bir heykəl ucaldıb.
Məruzə və çıxışlarda bu gün Azərbaycanın Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla getdiyi iftixarla vurğulanıb.