Rayonun daha 4 yaşayış məntəqəsinə təbii qaz verildi
Ağsu rayonunun daha 4 yaşayış məntəqəsinə - Abasxanlı, Keşdiməz, Şahbəyli və Rəhimli kəndlərinə təbii qaz verilib. Ümumilikdə 2292 nəfər əhalinin yaşadığı, 354 abonentin olduğu bu kəndlərin qazlaşdırılması üçün 36,8 kilometr uzunluqda müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub. Habelə, 354 ədəd smart tipli qaz sayğacı və fərdi təmzimləyici quraşdırılıb.
Təbii qazın verilməsi ilə əlaqədar Abasxanlı kəndində açılış mərasim keçirilib. Mərasimdə rayon icra hakimiyyəti aparatının məsul işçisi Şəmsəddin Quliyev, “Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, habelə rayonda həyata keçirilən sosial layihələrdən danışıblar.
Bildirilib ki, artıq rayonun 54 kəndinə “mavi yanacaq” verilir. Hazırda isə daha 7 kənddə qazlaşdırma işləri aparılır.
Sonda məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.