Milli Konstitusiya günü münasibətilə "Dəyirmi masa" keçirilmişdir
Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Konstitusiyasının qəbulu müasir tariximizdə qazandığımız əvəzsiz tövhədir. İlk milli Konstitusiyamızın qəbulu müstəqillik yolunda hələ kövrək addımlarla irəliləyən Azərbaycanda dövlətin təməl prinsiplərini, siyasi hüquq və iqtisadi əsaslarını, şəxsiyyətin hüquqi vəziyyətini, ədalət mühakiməsini, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanunlar toplusu oldu.
Bütün bunlar noyabrın 12-də Ağsu rayon İcra Hakimiyyətində keçirilən “Dəyirmi masa”da söylənilib. Əlbəttə, milli Konstitusiyamızın hazırlanması və qəbulu həm də xalqımızın böyük öndəri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında böyük, əvəzsiz xidmətlərindən biridir. Təsadüfi deyildir ki, tədbir iştirakçıları ilk öncə şəhərin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edərək heykəlin önünə çiçəklər düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
“Dəyirmi masa” ətrafında çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, hüquq şöbəsinin müdiri Tofiq Kərimov və başqaları həm də əsas qanunun ölkəmizin demokratik, sivil yolla inkişafına başlıca təminat olduğunu diqqətə çatdırıblar.
Qeyd olunub ki, milli Konstitusiyamızın qəbulundan artıq 20 il keçir. Bu, qısa tarixi zaman olsa da indi Azərbaycan müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyada mühüm uğurlar qazanıb və bu uğurlar hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə möhkəmlənir.