Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində şəhid olan Fərəczadə Toğrul Habil oğlunun xatirəsinə tikilən bulağın açılışı olub

10 noyabr 2021 | 11:00

Ağsu rayonunun Bico kəndində Aprel döyüşlərində şəhid olan Fərəczadə Toğrul Habil oğlunun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimi noyabrın 10-da Toğrulun anadan olduğu gündə keçirilib.
  T.Fərəczadənin doğulub boya-başa çatdığı kəndin girişində inşa olunan bulağın açılışında rayon rəhbərləri, Toğrulun yaxınları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər. Mərasimi Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev açaraq Toğrulun keçdiyi qısa, lakin şərəfli həyat yolundan danışıb. Vurğulayıb ki, 1993-cü il noyabrın 10-da dünyaya gələn Toğrul Aprel döyüşlərində Ermənistanın işğalçı qüvvələrinə qarşı mərdliklə vuruşub. Təəssüf ki, döyüş tapşırığını yerinə yetirərkən 2016-cı il aprelin 4-də şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunub.
  Mərasimdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi qələbədən danışıb, bu qələbə ilə həm də Toğrul kimi şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
  Bulağın açılışından sonra iştirakçılar şəhidin doğulub boya-başa çatdığı evə gediblər. Burada Toğrul Fərəczadənin xatirəsinə yaradılan muzeyə baxış keçirilib və tədbir iştirakçılarına müzeydəki fotolar, əşyalar barədə ətraflı məlumat verilib.


Keçidlər