Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 8 Noyabr - Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub

08 noyabr 2021 | 11:00

Ağsu rayonunda 8 Noyabr - Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub. Əvvəlcə, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli və digər rəsmi şəxslər Qəhramanlar Kompleksinə gəlib, əklil qoyaraq qəhraman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
  Sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Burada Birinci Qarabağ müharibəsində, habelə ötən il sentyabrın 27-də başlanan və 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ağsuluların məzarlarını ziyarət ediblər. Şəhidlər Xiyabanına ziyarətə gələn, əyinlərində Azərbaycan əsgərinin forması olan və bu formadan qürurlanan məktəblilərin əsgər salamı, Vətənə, şəhidlərimizə həsr olunan şeirləri hər kəsdə böyük təəssürat yaradıb. Məktəblilərin Şəhidlər Xiyabanından başlanan yürüşünü ətrafdakı insanlar iftixarla seyr ediblər.
  Rayon Mədəniyyət sarayında keçirilən yığıncaqdan öncə Heydər Parkında Ümummilli ilder Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə çiçəklər düzülüb. Tədbir iştirakçıları parkda yerli musiqiçilərin ifasında rəngarəng proqramla ifa edilən konserti dinləyib, rəsm həvəskarlarının tarixi Qələbəmizin sevincini və ağır döyüş səhnələrini əkis etdirən, rəngli boya ilə çəkilən rəsmlərinin sərgisinə tamaşa ediblər.
  Yığıncaqda rayon rəhbərləri, şəhid ailələri, qazilər, gənclər, ictimayyət nümayəndələri iştirak ediblər. Öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Vətən müharibəsində böyük Qələbəmizə həsr olunan videoçarx nümayiş olunub.
RİH başçısı Rövşən Bağırov çıxış edərək ötən il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Vurğulayıb ki, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti baxımından xalqımız bu qədim şəhərin azad olunduğu günü, 8 Noyabr- Zəfər Gününü təntənə ilə qeyd edir.
  Yığıncaqda Prezident cənab İlham Əliyevin Sərəncamı ilə bir qrup şəhidə verilən medallar onların valideyinlərinə təqdim olunub.
  8 Noyabr- Zəfər Günü münasibətilə rayonda ağacəkmə aksiyası keçirilib. Aksiyada Ağsu-Rəhimli-Qaradağ avtomobil yolunun kənarına müxtəlif növdən olan ağac tingləri əkilib.
  Tədbir Ağsu rayon Mədəniyyət Mərkəzinin vətənpərvərlik mövzusunda hazırladığı konsert proqramı ilə davam etdirilib. Sonda Zəfər günü münasibətilə atəşfəşanlıq nümayiş etdirilib.

 

 

Keçidlər