Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

21 oktyabr 2020 | 11:00

20 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edib. Bildirib ki, Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar.
  Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. 17 özüyeriyən artilleriya qurğusu, 198 top, 58 minaatan məhv edilib, 12 minaatan, 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə, 70 “Qrad” qurğusu, 2 “Uraqan”, 2 “YARS”, 1 TOS, 4 “S-300” zenit-raket kompleksi, 3 TOR zenit-raket kompleksi, Qırxa yaxın OSA zenit-raket kompleksi, 5 KUB və KRUQ zenit-raket kompleksi, 6 pilotsuz uçuş aparatı, 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, 1 ballistik raket, 1 “Toçka-U” raketi, 8 radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib, onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.
  Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur. Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir.
  Uzun illər ərzində etnik terrora məruz qalmış Azərbaycan xalqı bu gün öz haqqını bərpa edir. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, soyqırımı törətmək, vətəndaşlarımızı doğma torpaqlarından didərgin salmaq insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Dinc mülki əhaliyə qarşı atəşin açılması namərdlikdir və hərbi cinayətdir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizminin təcəssümüdür. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyinin sonunu yaxınlaşdırır.
  Rəsmi İrəvanın tarixi saxtalaşdırma siyasətinə artıq son qoyulur. Belə ki, işğaldan azad olunmuş Xocavənd rayonun Vəng kəndinə yeni Azərbaycan adı verildi. Artıq həmin kənd Çinarlı adlanılır. İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaq, Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləcəkdir. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.
  Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır. Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur.
  Status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbir nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib. Azərbaycan yumruğu sadəcə düşmənin başını yaran yumruq deyil. Azərbaycan yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir.
  Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır.


 

Keçidlər