Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində neft-qaz sənayesinin ölkəmiz üçün əhəmiyyətini xüsusilə qeyd etmişdir

22 sentyabr 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində bildirmişdir ki, “Abşeron” qaz-kondensat yatağının işlənməsinin yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır.
  Neft ölkəsindən qaz ölkəsinə keçid alan Azərbaycan etibarlı qaz təchizatçısı olacaqdır. Azərbaycan Respublikasının Prezidenti SOCAR-da 9 il vitse-prezident kimi xarici əlaqələrə rəhbərlik etmiş, əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində belə demişdir ki, mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir.
  İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı, Prezident cənab İlham Əliyevin iradəsi ilə “Total” şirkəti SOCAR-la  yeni kontrakt imzalamış, əməkdaşlıq nəticəsində  böyük qaz-kondensat yatağı aşkarlanmışdır. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Artan daxili tələbatı ödəmək məqsədilə “Abşeron” yatağından birinci mərhələdə çıxarılacaq qaz daxili tələbata istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan  “Mərkəzi-Şərqi Azəri” adlanan yeni   layihənin  icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.
  “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə və digər bazarlara ötürüləcək. TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir. “Əsrin müqaviləsi”nın imzalandığı  1994-cü ildən 26 il keçib  və o vaxtdan bu günə qədər bir çox müqavilələr imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır.
  “Abşeron” yatağı Xoşbəxt Yusifzadə tərəfindən kəşf edilib və istifadə edilən bütün qurğular isə Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında,  karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir. Neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəkarlığından, nailiyyətlərindən asılıdır. “Abşeron”, “Qarabağ” və  digər layihələrin icrası bundan sonra da neft-qaz amilini öndə saxlayacaq. Azərbaycanın Qurban Abbasov, Xoşbəxt Yusifzadə kimi əfsanəvi neftçiləri həmişə xatırlanmalı, yeni nəsillərə onların nümunəvi həyatı daima təbliğ olunmalıdır.
  Müstəqillik dövrünə qədər  çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.  Biz o vaxt müstəqil ölkə olsaydıq,  Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Azərbaycan neft maqnatlarının, xüsusilə Hacı Zeynalabdin Tağıyevin,  Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf etmələri xatırlanmalıdır. Tağıyevin azərbaycanlıların təhsil almasında, Bakının abadlaşdırılmasındakı rolu xüsusi vurğulanmalıdır. Tağıyev görkəmli dövlət xadimi Əziz Əliyevin Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumasına kömək etmişdir. İkinci Dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edən Əziz Əliyev Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq dağıstanlıların köçürülməsinin qarşısını almışdır.
  İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. Bunun müqabilində Sovet İttifaqı  Azərbaycana dağılmış iqtisadiyyat, dağılmış neft infrastrukturu miras qoyub. Sovet vaxtında  Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın  bir çox rayonlarında qaz xətləri yox idi. II dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində azərbaycanlıların və Azərbaycanın rolu lazıminca qiymətləndirilməyib.
  Bu gün Azərbaycan nefti və digər təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. Hazırda Azərbaycan bütün reytinqlərdə, infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə ən qabaqcıl yerlərdən birindədir. Neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur. 
  Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Müstəqillik dövründə 3700 məktəb, 700-dən çox xəstəxana tikilib, təmir edilib və ən müasir avadanlıqlarla təchiz edilib. Biz nəhəng neft-qaz layihələri icra edən kosmik dövlətə çevrilmişik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün deyildi.
  Biz azad, müstəqil ölkədə yaşayırıq. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir. Biz nə qədər güclü və qüdrətli olsaq, müstəqilliyimiz də  bir o qədər möhkəm olacaqdır. Sovet vaxtı Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları  idi. Hazırda Bibiheybət  və Balaxanı qəsəbələri yenidən qurularaq istirahət zonalarına çevrilib. Qara şəhər abadlaşaraq  Ağ şəhərə çevrilmişdir. Sumqayıt bu gün ən təmiz şəhərlərdən biridir.  Bakının bütün qəsəbələri estetik cəhətdən müasir səviyyədə abadlaşdırılmalı, tarixi abidələr bərpa edilməli, orada insanlar üçün daha yaxşı şərait yaradılmalı, insanları narahat edən bütün problemlər həll olunmalıdır.
  İki ildən sonra Heydər Əliyev adına Neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzini istehsal olunacaq. “Azərneftyağ” neft emalı zavodu sökülərək, yerində böyük park olacaq.  Ekologiyanın sağlamlaşdırılması üçün atılan addımlar  xalqın, gələcək nəslin sağlamlığı üçündür. Ekoloji layihələr hələ davam edir. Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Çar Rusiyası və sovet dövründə bu addımlar atılmayıb, sərvətlərimiz yalnız istismar edilib, insan amili nəzərə alınmayıb. 
  Bugünkü Azərbaycanda cənab Prezidentin tələbi ilə “qara qızıl” insan kapitalına çevirilir. Neft daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik.

Keçidlər