Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 avqust 2020-ci il tarixdə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirib

10 avqust 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müşavirədə çıxış edərək qeyd etmişdir ki, Koronavirusa qarşı mübarizə işində bütün lazımi qabaqlayıcı tədbirlər görülməsi nəticəsində artıq üç həftədir ki, müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, vəziyyət nəzarət altındadır. Yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Biz bu vəziyyətdən az itkilərlə çıxırıq. Həkimlərimizin bu işdə çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilib. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi.
  Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaqdır.
  Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı deyib: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.
  Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident cənab İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə  tədbirlər geniş vüsət alır.
  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib.
  Prezident cənab İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı  ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği  3 dəfə artırılıb.
  Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda)  aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox  vərəsəsi ödəmə ilə təmin edilib.
  Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib.
  Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.
  1 aprel tarixi ilə müqayisədə 15 min ailə artaraq 85 min ailəyə (və ya 350 min şəxs) verilmişdir. Aylıq orta məbləğ 225 manat təşkil edir. 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlil şəxsə evində sosial xidmət göstərilmişdir. Sosial xidmət müəssisələrində 1000-dək şəxsə stasionar xidmət göstərilir. Sosial tərəfdaşların dəstəyi ilə 100 min ailəyə 2 dəfə ərzaq payı verilmişdir. Müddəti bitən əlilliyi olan şəxslər, işsizlikdən sığorta alanlar, peşə hazırlığına cəlb olunanlar üçün (cəmi 16 min nəfər) ödəniş 2 aylıq uzadılmışdır. Əhaliyə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında aylıq 100 kvts. həcmində artırılmışdır. 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb. İlin əvvəlindən əmək müqavilələrinin sayı 120 min (19%), əmək haqqı fondu 15% artıb.
  190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə - Aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 milyon manat ödənilib. İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub.
  Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcəkdir. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcəkdir. Vergilərin 75 faizi özəl sektorda formalaşır. Vergi sistemində ciddi islahatlar aparılmışdır. Məhz bu sahədə aparılan islahatlar nəticəsində 6 ay ərzində proqnozdan əlavə vəsait yığılmışdır.
  Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir. Eyni zamanda, Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir.
  Xüsusilə dövlət şirkətlərində (qaz, su, elektrik enerjisi və s.) itkilər aradan qaldırılmalıdır. Dövlət şirkətlərinin itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son qoyulmalıdır. Dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi təmin olunmalıdır. Həmin şirkətlərdən itkilərin səbəbləri və onların aradan qaldırılması ilə bağlı planlara dair açıqlamalar alınmalıdır.
  Bakı şəhərində sovet vaxtından qalan dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə yeni sənaye müəssisələri yaradıla bilər. Ekoloji standartları tam gözləmək şərti ilə şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. İnvestorları cəlb etmək lazımdır ki, öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var.Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidir.
  Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır.
  Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir.

Keçidlər