Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 8 mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib

07 mart 2020 | 11:00

Ağsu rayonunda 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan təntənəli bayram şənliyi keçirilib. Bayram süfrəsi arxasında təşkil olunan tədbirdə şəhid anaları, dövlət qulluğunda, təhsil, səhiyyə və mədəniyyət sahəsində, aqrar sektorda çalışan fəal qadınlar iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev əlamətdar gün münasibətilə qadınları təbrik edib. İcra başçısı qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadınının həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana kimi həmişə dərin hörmət və ehtirama layiq olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.
   Diqqətə çatdırılıb ki, respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.
    İcra başçısı çıxışında əmin olunduğunu bildirib ki, sürətli dəyişikliklərin baş verdiyi indiki qlobal dünyada qadınlar daim mədəni-mənəvi zənginliklərin yaşadılması üçün çalışacaq, ölkəmizin gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrə, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə bundan sonra da xüsusi diqqət yetirəcəklər.
    Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup qadına rayon icra hakimiyyətinin fəxri fərmanı, bütün iştirakçılara isə bayram hədiyyələri verilib.
    Bayram tədbiri yerli musiqiçilərin ifasında mahnı və rəqslərlə müşayiət olunub.

Keçidlər