Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

04 mart 2020 | 11:00

Tədbir iştirakçıları əvvəlcə səhərin mərkəzində Heydər Parkında Ümummilli Liderin abidəsi ziyarət ediblər, önünə çiçəklər düzüblər.
  Mədəniyyət sarayında keçirilən təntənəli yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev idmançıları təbrik edib, Azərbaycanda idmanın inkişafından danışıb. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd edilməsinin təsadüfi olmadığını vurğulayan Vahid Tağıyev 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa olimpiadalarının qalibləri və mükafatçıları ilə görüşdüyünü, İdman Fondunu təsis etdiyini diqqətə çatdırıb. Bununla da Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlinin qoyulduğunu söyləyərək, 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradıldığını bildirib. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkəsinə çevrildiyi diqqətə çatdırılıb.
  Təntənəli yığıncaqda Ağsu rayonunda idmanın inkişafı ilə əlaqədar görülən işlərdən də ətraflı danışılıb. Vurğulanıb ki, dövlət başçısının iştirakı ilə 2011-ci il oktyabrın 30-da 3000 yerlik Ağsu şəhər stadionu, 2015-ci il sentyabrın 17-də Ağsu İdman Kompleksi və yenidənqurma işlərindən sonra Ağsu rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin açılış mərasimləri olub. Təkcə ötən il ağsulu idmançılar müxtəlif yarışlarda 297 medal qazanıblar. Taekvondo, boks, sərbəst güləş, cüdo və kikboksinq idman növləri üzrə ölkədaxili yarışlarda 88 qızıl, 61 gümüş və 90 bürünc medal, beynəlxalq yarışlarda isə 25 qızıl, 16 gümüş, 17 bürünc medal əldə olunub.
  Uğurlarda yaradılan şəraitin, diqqət və qayğının əsas rol oynadığını söyləyən taekvondo üzrə Avropa çempionatının gümüş mükafatçısı Pünhan Mürsəlov qeyd edib ki: “Gümüş medalı 2019-cu ilin oktyabrında İspaniyada keçirilən Avropa çempionatında qazanmışam. Əlbəttə, gümüş medaladək keçdiyim yol heç də asan olmayıb. Bu mükafatı qazanmağımda ölkəmizdə, o cümlədən Ağsuda biz idmançılara yaradılan şərait də mühüm rol oynayıb. Bütün bunlara görə, Prezidentimizə minnətdarıq”.
  Tədbirdə beynəlxalq və respublika yarışlarında uğurlu nəticələr qazanan idmançılara diplom və fəxri fərmanlar verilib. Sonda konsert proqramı nümayiş etdirilib.

Keçidlər