Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Şamil Ramazanovun xatirəsi anılıb

15 yanvar 2020 | 11:00

Yanvarın 15-də Rəhimli kəndində Şamil Ramazanovun xatirəsinə həsr olunmuş mərasim keçirilib. Qonaqların, şəhid Şamil Ramazanovun yaxınlarının, kənd sakinlərinin, o cümlədən ağsaqqalların, ziyalıların, gənclərin qatıldığı mərasim iştirakçıları ilk öncə kənd qəbiristanlığına gələrək Milli Qəhrəmanın məzarını ziyarət ediblər, sonra kənddəki büstü önünə gəlib, buraya tər çiçəklər düzüblər.
  Ş.Ramazanovun vaxtilə təhsil aldığı məktəbdə təşkil olunan mərasimdə Dövlət Himni səsləndirilib. Məktəbin direktoru Fəxrəddin Həsənov, rayon icra hakimiyyətinin məsul işçisi Bahəddin Azadov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Ağsu rayon şöbəsinin rəisi polkovnik-leytenant Zaur Əliyev, polis şöbəsinin rəis müavini İlqar Haqverdiyev və başqaları çıxış edərək Azərbaycanın azadlığı, müstəqilliyi yolundakı çətinliklərdən, bu yolda verilən itkilərdən, Milli Qəhrəman Şamil Ramazanovun qısa, lakin şərəfli həyat yolundan danışıblar.
  Vurğulanıb ki, Azərbaycanın Milli Qəhrəmanı Şamil Ağasəf oğlu Ramazanov 1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra bir il təsərrüfatda çalışıb. 1994-cü il martın 19-da Milli Ordu sıralarına çağırılan Ş.Ramazanov bir neçə ay hərbi təlim keçdikdən sonra 777 saylı hərbi hissəyə göndərilib. Çevikliyi, bacarığı ilə seçilən gənc əsgər tezliklə peşəkar bir döyüşçü kimi yetişib.
  Daha sonra qeyd olunub ki, 1995-ci ilin mart hadisələri zamanı vətən qarşısındakı borcunu yerinə yetirən gənc döyüşçü ağır yaralanıb və aldığı bu yaradan gözlərini əbədi yumub. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
  Milli Qəhrəmanın qardaşı Ziya Ramazanov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
  Məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdirib, vətənə, qəhrəmanlarımıza həsr olunan şeirlər səsləndiriblər.

Keçidlər