Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin xatirəsi adını daşıdığı xəstəxanada yad edilib

11 yanvar 2020 | 11:00

Yanvarın 11-də Ağsu rayon mərkəzi xəstəxanasında ön cəbhədə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan həkim Şahin Tarverdi oğlu Quliyevin anım mərasimi keçirilib. Mərasimdə xəstəxananın kollektivi, şəhidin yaxın dostları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
  Xəstəxananın foyesində, şəhidin barelyefi önündə təşkil olunan mərasimdə Şahin Quliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Barelyefin önünə çiçəklər düzülüb.
  Mərkəzi xəstəxananın baş direktoru Şəhrəbanu Məlikova çıxış edərək şəhidin qısa, şərəfli həyat yolundan danışıb. Bildirib ki, 1956-cı il yanvarın 10-da Gəgəli kəndində dünyaya göz açan Şahin 1973-cü ildə kənddə orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1987-ci ildə institutu terapevt həkim ixtisası üzrə bitirib və təyinatla Ağsu rayonunun Gəgəli kənd həkim ambulatoriyasında baş həkim vəzifəsinə təyin edilib.
   1993-cü ilin noyabrında hərbi xidmətə çağırılan həkim ön cəbhədə “N” saylı hərbi hissədə xidmətə başlayıb. Vətənpərvər həkim 1994-cü il mayın 13-də xidməti vəzifəsini yerinə yetirərək qəhrəmancasına şəhid olub. Rayon mərkəzi xəstəxanasının tibb kollektivinin müraciəti ilə xəstəxanaya şəhid həkim Şahin Tarverdi oğlu Quliyevin adı verilib.
  Mərasimdə həkim yoldaşları, yaxın dostları çıxış edərək Şahin Quliyevlə bağlı xatirələrindən danışıblar. Şəhid həkimin yeganə oğlu Şamxal Quliyev atasına göstərilən diqqət və qayğıya, söylənilən xoş sözlərə görə minnətdarlığını bildirib.
  Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva mərasimdə çıxış edərək torpaqlarımızın bütövlüyü, Azərbaycanın azadlığı uğrunda şəhid olan oğul və qızlarımıza öz ehtiramını ifadə edib.

Keçidlər