Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhsil” Respublika İdman Mərkəzinin Şahmat üzrə Respublika Birinciliyinin final mərhələsi start götürüb

21 noyabr 2019 | 11:00

Noyabrın 21-də Ağsu şəhərində “Təhsil” Respublika İdman Mərkəzinin Şahmat üzrə Respublika Birinciliyinin final mərhələsi start götürüb.
  Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində noyabrın 27-dək davam edəcək final mərhələsi 6 yaş qrupunda (6, 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar) 12 kateqoriya üzrə keçirilir. Final mərhələsində 5 zona üzrə hər yaş qrupunda 1-2-ci yerləri tutan şahmatçılar və final mərhələsinə birbaşa vəsiqə qazanan sonuncu respublika çempionatının, dünya, Avropa birinciliklərinin medalçıları olmaqla, 176 nəfər idmançı mübarizə aparır.
  Açılış mərasimində Təhsil Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının, Ağsu Rayon İcra Hakimiyyətinin rəsmləri və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
  Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
  Ağsu rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev, Təhsil Nazirliyinin şöbə müdirinin müavini Elnur Əliyev, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək şahmatçılara uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan idmançılarının, o cümlədən şahmatçıların Avropa və beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışıblar.
  Çıxışlarda vurğulanıb ki, respublika birinciliyinin keçirilməsində əsas məqsəd şahmatçıların oyun təcrübəsinin və beynəlxalq reytinqlərinin artırılması, idman-şahmat məktəblərində şahmat bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi və yaş qrupları üzrə Mərkəzin yığma komandalarının heyətinin müəyyənləşdirilməsindən ibarətdir.
  Final mərhələsinin yekunlarına görə hər yaş qrupunda I, II və III yerləri tutan oğlan və qız şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə təltif ediləcəklər.

Keçidlər