Şriftin ölçüsü :

Saytın rəngi :

“Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib

07 noyabr 2019 | 11:00

Ağsu rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə fondun şöbə müdiri Hatəm Gülməmmədov, rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair-yazıçı, kinodramaturq İlqar Fəhmi, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Seminar-müşavirəni açan Mirqubad Orucov tədbirin əhəmiyyətinə toxunaraq, yeniyetmə və gənclərin iştirakı ilə belə tədbirlərin keçirilməsinin, onların ziyalılarımızla görüşlərinin təqdirəlayiq hal olduğunu deyib.
  Fondun şöbə müdiri Hatəm Gülməmmədov gənclərin mənəviyyatının zənginləşməsində təhsilin rolundan danışaraq qeyd edib ki, müasir dövrdə gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında başlıca amil təhsildir. Çünki ölkəmizin dünyada tanıdılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında iştirak edən vətənpərvər gənc, ilk növbədə savadlı, intellektual olmalı, xarici dil biliklərinə yiyələnməlidir.
  Şair, yazıçı, kinodramaturq İlqar Fəhmi qloballaşma dövründə internet resurslarının milli və mənəvi dəyərlərə təsirindən danışaraq vurğulayıb ki, bu gün yeniyetmə və gənclərin internetdən, sosial şəbəkələrdən, texnoloji vasitələrdən doğru məqsədlər üçün istifadəsi çox vacibdir. Bu vasitələrdən mütəmadi istifadə etmək asılılığın yaranmasına, virtual aləmə bağlılığa, real həyatdan uzaqlaşmağa, nəticədə isə bəzi dəyərlərin itirilməsinə gətirib çıxarır. Milli-mənəvi dəyərlərimizin virtual təsirlərdən qorunmasının zəruri olduğunu vurğulayan İ.Fəhmi bu sahədə müəllimlərin, valideynlərin rolunun zəruriliyini qeyd edib.
  Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər