Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial-iqtisadi sahədə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

06 avqust 2019 | 11:00

İyulun 31-də ölkə Prezidentinin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar yığıncaq keçirilib.
  Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin məruzəsində, eləcə də çıxışlarda 2019-cu ilin I yarımilinin bir sıra uğurlu nəticələrlə yekunlaşdığı bildirilib. Qeyd olunub ki, ümumi məhsul buraxılışının həcmi 7 milyon 644,9 min manat artaraq 104 milyon 715,3 min manata çatıb. Adambaşına ümumi məhsul buraxılışı 1302,8 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,6 min manat çoxdur. Ümumi məhsul buraxılışında sənaye məhsullarının həcmi 2018-ci ilin birinci yarısı ilə müqayisədə 2,2 dəfə və ya 5 milyon 191,5 min manat artaraq 9 milyon 358,2 min manat təşkil edib.
  İclasda fevralın 5-də baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərdən də danışılıb. Bildirilib ki, yaradılmış komissiya tərəfindən baxılan 3085 evdən 355-i qəzalı hesab edilib. 512-nin bərpa-gücləndirməyə, 2104-nün təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. İndiyədək 95 evin təmiri başa çatdırılıb, 152 yaşayış evin təmirinə başlanıb. Habelə, 200 evin bərpa-gücləndirmə işlərinə başlanılıb, 101 evdə işlər sona çatdırılıb. Heydər Əliyev Fondu tərəfindən 36 fərdi yaşayış evinin tikintisi gedir, onlardan 21-də işlər başa çatdırılıb, 1 evin dam örtüyü dəyişdirilib.
  Aqrar sektorda aparılan islahatlar, ixracyönümlü məhsulların inkişafına güclü təkan verib. Cari mövsümdə 400 qutu ipəkqurdu toxumundan 9955,3 kiloqram barama toplanaraq “Azər-İpək” MMC-yə təhvil verilib. Bu ilin məhsulu üçün 1000 hektarda pambıq əkilib və hazırda becərmə işləri davam etdirilir. Kənd təsərrüfatının aparıcı sahəsi olan taxılçılıqda da yaxşı nəticələr qazanılır. 
  Məruzə və çıxışlarda tikinti-quraşdırma işləri, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təchizatı sahəsində görülən işlər, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, habelə qarşıda duran vəzifələr geniş müzakirə olunub.

 

 

Keçidlər