Şriftin ölçüsü :

Saytın rəngi :

IV Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib

22 mart 2019 | 11:00

Ağsu rayonunun Gəgəli kəndində IV Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib. Üç gün davam edən festivalda Türkiyə, Gürcüstan, İran, Dağıstan (Rusiya) və Hindistandan gələn folklor qrupları iştirak ediblər.
  Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Tərəkəmə Çərşənbəsi təşkilatçılara uğurlar arzulayıb, gələn qonaqlara təşəkkürünü bildirib.
  Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev, İran Aşıqlar Birliyinin sədri Ustad Səlcuq Şahbazi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev festival iştirakçılarını salamlayıblar.
  Festival çərçivəsində “Az-Granata” MMC-nin Ağsudakı şirə və şərab emalı zavoduna “Ağsunun dadlarını kəşf elə” ekoturu və Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinə "Ağsuda şəhər mədəniyyəti" arxeoturu təşkil edilib. Qonaqlar Ağsunun qədim və müasir zənginliklərini bir arada görüblər. Məktəb şagirdləri üçün professor Kübra Əliyevanın təqdimatında xalça bərpası yollarını öyrətmək məqsədilə ustad dərsi keçilib. “İncilər” rəqs qrupu “Şən Azərbaycan” kompozisiyası əsasında modelyer Laləndər Novruzovanın hazırladığı milli geyimləri nümayiş etdirib.
  Yerli sakinlər və qonaqlar yaxınlıqdakı dağda çərşənbə tonqalı yandırıb, şamal atıblar. Festival iştirakçıları tərəkəmə çərşənbəsindəki tonqalı, ev heyvanlarının iki od arasından keçirilməsi mərasimi izləyiblər.
  Festivalın son günü bütün ifaçı, təşkilatçı və iştirakçılara sertifikatlar təqdim olunub.

Keçidlər