Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib

26 fevral 2019 | 11:00

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
  Bunlar barədə fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ağsu şəhərindəki Qəhrəmanlıq kompleksində keçirilən anım mərasimində danışılıb. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çıxışında, eləcə də icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın məruzəsində və digər çıxışlarda Xocalı soyqırımından, bu qırğının dəhşətli nəticələrindən bəhs olunub.
  Bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də Xocalı soyqırımı haqqında qərar qəbul edib. Həmin qərarla hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi qeyd olunur.
  Mərasimdə Xocalı sakini Əmrah Məmmədov çıxış edərək o qanlı gecənin dəhşətlərindən, ermənilərin insanlıq adına yaraşmayan vəhşiliklərindən danışıb.
  Sonda Qəhrəmanlıq kompleksində və Şəhidlər xiyabanında Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin abidəsi önünə əklil və çiçəklər qoyulub.

Keçidlər