Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik zirvəsinə ucalan ağsulu gənc Rüfət Fətəlizadənin ev-muzeyi yaradılıb

29 sentyabr 2018 | 11:00

2014-cü il avqustun 9-da Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Rüfət Fətəlizadənin doğulub boya-başa çatdığı Ağsu rayonunun Padar kəndində ev-muzeyi yaradılıb. Ev-muzeyində təşkil edilən guşələrdə 1995-ci il fevralın 17-də dünyaya göz açan şəhid R.Fətəlizadənin şəxsi əşyaları, müxtəlif illərdə çəkilən fotoşəkilləri, ölümündən sonra ona verilən “Hərbi xidmətə görə” 3-cü dərəcəli medalı və digər sənədlər nümayiş olunur.
    Şəhidlik  zirvəsinə ucalan bir gəncin qısa ömrünün tarixini yaşadacaq ev-muzeyi sentyabrın 29-da açılıb. Mərasimdə rayon icra hakimiyyətinin, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin məsul işçiləri, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.
   İştirakçılar əvvəlcə Ağsu şəhərində şəhidlərin uyuduğu qəbiristanlığa gələrək, şəhid Rüfət Fətəlizadənin məzarını ziyarət ediblər.
   Padar kəndində ev-muzeyinə gələnləri burada nümayiş etdirilən sənəd, əşya və fotolar barədə şəhidin anası Gülər Əliyeva məlumat verib.
   Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva ev-muzeyinin yaradılmasının xeyirxah əməl olduğunu bildirib, gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən danışıb. 200-dən çox əşyanın toplandığı ev-muzeyi ictimai əsaslarla yaradılıb.  

Keçidlər