Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda şəhid Cahangir Mövlamovun xatirəsi anılıb

27 aprel 2018 | 11:00

Murovdağda gedən döyüşlərdə şəhid olan Cahangir Ağaşah oğlu Mövlamovun doğulub boya-başa çatdığı Ağsu rayonunun Ağarx kəndində anım mərasimi keçirilib.
    Rayon icra hakimiyyətinin rəhbər işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, şəhidin təhsil aldığı kənd məktəbinin müəllimləri, yaxın qohumları, kənd ağsaqqalları və gənclər aprelin 27-də səhər saatlarında Cahangir Mövlamovun uyuduğu kənd qəbiristanlığına gəlib, məzarı üstünə əklil və çiçəklər qoyub, xatirəsini ehtiramla anıblar.
   Sonra mərasim şəhidin təhsil aldığı Ağarx kənd tam orta məktəbinin akt zalında davam etdirilib. Əvvəlcə Azərbaycanın Dövlət himni oxunub, şagirdlərin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
   Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva çıxış edərək, şəhid Cahangir Mövlamovun, eləcə də digər şəhidlərimizin qanının yerdə qalmayacağını, qəsbkarların layiq olduqları cəzanı alacaqlarını söyləyib.
   Sonra Ağarx kənd tam orta məktəbinin direktoru Rasim Hüseynzadə şəhid C.Mövlamovun qısa, lakin şərəfli həyat yolu barədə danışıb. Bildirilib ki, 1975-ci il aprelin 27-də anadan olan Cahangir 1993-cü ilin martında həqiqi hərbi xidmətə çağırılıb. Gizir rütbəsində Qarabağda, ayrı-ayrı cəbhələrdə vuruşub. 1994-cü il aprelin 18-də Murovdağda baş verən döyüşdə 6 nəfərlik dəstə ilə düşmən mövqeyinə girib və onların öndə olan qüvvəsini məhv edib. Həmin gün qolundan yaralanan Cahangir aprelin 20-də düşmənin snayper gülləsindən şəhid olub. Onun qəhrəmanlığı barədə Abdulla Qurbaninin “Murovun qəm karvanı” kitabında da yazılıb.
   Mərasimdə kənd ağsaqqalı Sultan Nuriyev və başqaları şəhid Cahangir Mövlamov barədə xatirələrini bölüşüblər.
   Sonda şəhidin atası Ağaşah Mövlamov və anası Sənubər Mövlamova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər