Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

07 fevral 2018 | 11:00

Ağsuda fevralın 7-də hesabat yığıncağı keçirilib, 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
    Rayon rəhbərliyi, qonaqlar və fəallar əvvəlcə Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.
   Sonra hesabat yığıncağının keçirildiyi YAP rayon təşkilatının inzibati binasının foyesində bölgədə istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış olub. Qonaqlara istehsal sahələri və müəssisələri barədə məlumat verilib.
    Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Ötən il iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, qazanılan uğurlar diqqətə çatdırılaraq vurğulanıb ki, 2017-ci ildə rayona 30,7 milyon manat özəl investisiya qoyulub. Bunun 20 milyon manatı sənaye, 6,9 milyon manatı kənd təsərrüfatı və digər sahələrə yönəldilib. Özəl sərmayə hesabına regionun ən iri istehsal müəssisələrindən olan “Az-Qranata” MMC-nin nəzdində dəyəri 20 milyon manat olan yeni şərabsaxlama anbarları kompleksi, süzmə və emal sexi, “Ağsu kənd təsərrüfatı” MMC-nin nəzdində 1,1 milyon manat dəyərində 3600 tonluq pambıq qəbulu məntəqəsi, “Ağsu Aqrotexservis” ASC-nin nəzdində dəyəri 1,5 milyon manat olan istixana kompleksi, Gəgəli kəndi ərazisində 1000 ton istehsal gücünə malik taxıl toxumçuluğu təsərrüfatı, 2000 tonluq anbar, 300 başlıq heyvandarlıq kompleksi, Ərəbsarvan kəndi ərazisində 450 hektarda dəyəri 800 min manat, illik istehsal gücü 60 ton ət, 600 ton süd, 2 ton yun olan 280 başlıq iribuynuzlu mal-qara, 2000 başlıq qoyunçuluq kompleksi istifadəyə verilib.
    Hazırda Padar kəndi ərazisində “Padar Aqro” MMC tərəfindən heyvandarlıq kompleksinin yaradılmasına başlanılıb. Buraya ilkin olaraq 300 baş keçi və 500 arı ailəsi gətirilib. Pirhəsənli kəndində istixana kompleksinin, Daşdəmirbəyli kəndi ərazisində 1,6 hektar sahədə dəyəri 700 min manat olan 600 tonluq taxıl anbarı kompleksinin və digər obyektlərin inşası davam etdirilir. Rayonda ötən ildən tikintisinə başlanan yeni Bayraq meydanının, “Gənclik” informasiya mərkəzinin, 100 yerlik uşaq bağçası-körpələr evinin, modul tipli 3 məktəb binasının tikintisində də işlər planauyğun aparılır.
   Məruzə və çıxışlarda kənd təsərrüfatının ayrı-ayrı sahələrində qazanılan uğurlar barədə də ətraflı danışılıb. Vurğulanıb ki, hesabat ilində inişilkindən 3,3 dəfə çox olmaqla, 5491 kiloqram barama istehsal edilib. Bu sahənin inkişafı üçün zəruri olan möhkəm yem bazasının yaradılması məqsədilə 48 min ədəd tut tingi əkilib. Ötən il 200,8 hektar sahədən 2807 ton pambıq tədarük olunub, taxıl istehsalında artım qeydə alınıb, heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər artıqlaması ilə yerinə yetirilib.
    Bildirilib ki, son illərdə, o cümlədən ötən il ixracda müsbət dinamika və meyillər nəzərə çarpır. Xarici bazarlara çıxarılan məhsulların çeşidi və həcmi artır. “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodu tərəfindən il ərzində dünyanın 18 ölkəsinə 2,8 milyon manat dəyərində alkoqolsuz içkilər ixrac olunub. “Qradus 40” MMC isə Türkiyə və Gürcüstana 266 min manatlıq alkoqollu içki ixrac edib. Keçən il rayonda 1290 ton pomidor və xiyar yetişdirilib. Bunun 1170 tonu müasir tipli istixanalarda istehsal olunub. Həmin məhsulların 400 tonu Rusiya bazarlarına çıxarılıb.
 Hesabat yığıncağında yol infrastrukturunun yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi, su təchizatı ilə əlaqədar reallaşdırılan layihələrdən də danışılıb, təhsilin, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən, habelə görüləsi işlərdən bəhs olunub.
   Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov və Milli Məclisin deputatı Tahir Kərimli hesabat yığıncağında çıxış ediblər. Çıxışlarda Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açılıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr diqqətə çatdırılıb.
    Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər