Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 2 Fevral – Gənclər günü qeyd edilmişdir

01 fevral 2018 | 11:00

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Azərbaycan tarixinin bütün mərhələlərində ictimai-siyasi qüvvəyə çevrilən gənclərimiz bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin sürətli inkişafında, qüdrətinin artmasında, mənafeyinin qorunması və möhkəmlənməsində fəal iştirak edir.  
  Bu fikirlər fevralın 1-də Ağsuda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilən təntənəli yığıncaqda səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Parkına gələrək Ümummilli Liderimizin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
  Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda çıxış edən Gənclər və İdman idarəsinin baş məsləhətçisi Firəngiz Məmmədova, YAP rayon Təşkilatı Gənclər Birliyinin sədri Elnur Fərzəlizadə, rayon veteranlar təşkilatının sədri Cəmaləddin Zeynalov və başqaları Azərbaycan gəncliyinin keçdiyi şanlı yoldan, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqram”ından, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası haqqında” Sərəncamdan danışıb, dövlətin cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.
  Çıxışlarda Ağsu rayon gənclərinin iqtisadi, sosial-mədəni və idman sahələrindəki uğurları diqqətə çatdırılıb.
  Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərimizin həyatımızdakı fəal rolundan danışıb.
  Sonda ictimai-mədəni və idman sahələrində fərqlənən bir qrup gəncə rayon idman və gənclər idarəsinin fəxri fərmanı və qiymətli hədiyyələri verilib.


Keçidlər