Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda istixana təsərrüfatları inkişaf etdirilir

16 yanvar 2018 | 11:00

Aqrar sektorda aparılan islahatlar, Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən ixracyönümlü məhsulların istehsalı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar Ağsu rayonunda sahibkarların bu sahələrə marağını daha da artırıb. Belə sahələrdən biri də tərəvəzçilik, xüsusən pomidor istehsalıdır. Təsadüfi deyil ki, son illərdə bölgədə müasir texnologiyalardan istifadə edilməklə yaradılan istixana təsərrüfatlarının şəbəkəsi genişləndirilir.
      2016-cı ildə Ağsu şəhərində 3 hektar ərazini əhatə edən və illik istehsal gücü 500 ton olan, ötən il isə rayonun Pirhəsənli icra nümayəndəliyi ərazisində 2 hektar sahədə yeni istixana təsərrüfatları qurulub. Səksən nəfərdən çox işçinin çalışdığı istixanaların məhsulları nəinki yerli, həm də xarici bazarlara, əsasən də Rusiya bazarlarına ixrac olunur.
     Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin ixracyönümlü sahələrə dövlət tərəfindən bundan sonra da dəstək göstəriləcəyini bildirməsi rayonun istixana təsərrüfatlarında çalışan sahibkarları daha böyük uğurlara ruhlandırıb. Belə sahibkarlardan biri də Günəş Hüseynovdur. O, dövlətimizin başçısının çıxışından irəli gələn vəzifələrə toxunaraq deyib: “Prezidentimiz çıxışında aqrar sektorda pomidor ixracının birinci yeri tutduğunu bildirdi. Bu, xarici bazarlarda Azərbaycan istehsalı olan pomidora artan marağı göstərir. Çünki bizim məhsullar həm təbii olması, həm də öz dadı və ətri ilə seçilir. Bu il istehsalı artıraraq 1000 tona çatdırmağı nəzərdə tuturuq. Beləliklə, məhsul bolluğu yaratmaqla həm daxili tələbatın ödənilməsinə kömək edəcək, həm də ölkəmizə daha çox valyuta gətirməyə dəstək verəcəyik”.

Keçidlər