Şriftin ölçüsü :

Saytın rəngi :

Tərəkəmələrin yurd görüşü keçirilib

18 dekabr 2017 | 11:00

Ağsu rayonunun Gəgəli kəndində Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsində qalib olan "Quzuçuyam, quzu məndə: məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması" layihəsi çərçivəsində dekabrın 16-17-də tərəkəmələrin yurd görüşü keçirilib.
Yurd  görüşündə Bakı, Ağsu, İsmayıllı və Salyan rayonlarının 13 məktəbindən müəllim, şagird və valideynlər iştirak ediblər.
   Əvvəlcə Tərəkəmə folkloru sərgisinə baxış keçirilib. Layihənin rəhbəri, Ağsu rayonu Gəgəli kənd Həqiqət Musayev adına ümumi orta məktəbin direktoru Sabit Abdullayev qeyd edib ki, beş nominasiya üzrə - məqalə və esselərin yazılması, rəsm, videoçarxların, fotoların çəkilməsi və əl işi üzrə ümumrespublika müsabiqəsində Bakı şəhərindən, Ağsu, İsmayıllı və Salyan rayonlarından, ümumilikdə, 13 məktəbin şagirdləri 110 iş təqdim ediblər. 17 şagird – 4 nəfər esse yazı, 4 nəfər rəsm, 2 nəfər foto, 4 nəfər əl işi, 3 nəfər isə videoçəkilişlər üzrə nominasiyada layihənin diplomunu alıb, 28 şagird isə sertifikata layiq görülüb. Həmin şagirdlərin işləri məktəbin foyesində nümayiş olunub. Diploma layiq görülən bütün işlər layihə çərçivəsində çap olunan "Ağsu rayonunun Gəgəli kəndində Tərəkəmə folkloru" kitabına da daxil edilib.
   Sonra "Ağsu rayonunun Gəgəli kəndində Tərəkəmə folkloru” kitabının təqdimat mərasimi keçirilib. Ağsu rayonu Təhsil Şöbəsinin əməkdaşı Mətləb Nuriyev yurd görüşünün əhəmiyyətindən danışıb, kitab haqqında məlumat verib. Bildirib ki, “Ağsu rayonunun Gəgəli kəndində Tərəkəmə folkloru” kitab-kataloqu layihənin eksperti, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin rəhbəri, məktəbin direktoru Sabit Abdullayev və məktəbin tarix müəllimi, “Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu”nun sədri Musa Musayev tərəfindən hazırlanıb. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova, rəyçilər AMEA-nın müxbir üzvü Vəli Əliyev və tarix elmləri doktoru Qafar Cəbiyevdir.
   Layihənin eksperti Fariz Xəlilli bildirib ki, layihə boyunca 50 nəfərlə - tərəkəmə həyatı yaşayanlar, ziyalılar və yaşlı kənd sakinləri ilə görüş keçirilib, sorğu anketindəki suallara cavab alınıb. Aparılan araşdırma və sorğular nəticəsində yalnız Gəgəli kəndinə aid olan, yazılı ədəbiyyatda və mətbuatda çap olunmayan 73 folklor nümunəsi – 24 bayatı, 3 tapmaca, 1 yanıltmac, 28 deyim və sınama, 4 tərəkəmə oyun növü, tərəkəmə mətbəxindən 8, müdafiə fəndlərindən 3, təbabətindən 3 nümunə üzə çıxarılıb.
   "Tərəkəmə" sözünün ərəb dilində "tərakimə" - türkmənlər sözünün cəmi kimi işlədildiyini və dilimizə tərəkəmə kimi keçdiyini qeyd edən Fariz Xəlilli tərəkəmə həyat tərzi və mədəniyyətinin araşdırma və təbliğat mərkəzi kimi Gəgəli kəndini seçdiklərini, burada gələcəkdə festival, sərgi, konfrans və yurd görüşlərinin davamlı keçirilməsini arzuladıqlarını qeyd edib.
   Sonra Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri xüsusi ssenari əsasında hazırlanan tamaşalar nümayiş etdirib, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Xanəndələr Ruslan Adgözəlov və Ağadadaş Talışov, Aşıq Amil yurd görüşünün bədii hissəsində rəngarəng musiqi nömrələri ifa ediblər.
   Yurd görüşünün sonunda məktəblilərə diplom və sertifikatlar təqdim olunub, onlara kitab paylanılıb.
   Bakı, İsmayıllı və Salyandan gələn məktəblilər Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində gecələyib, iki gün ərzində rayonun tarixi abidələri və muzeyləri ilə tanış olublar.

Keçidlər