Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Azərbaycanın ilk Milli Qəhrəmanının xatirəsi anılıb

02 dekabr 2017 | 11:00

1991-ci ilin fevralı idi. Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxmışdı. Silahlı erməni hərbçiləri Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq tez-tez basqınlar edir, yolları kəsirdilər. Fevralın 24-də səhər sübh çağı 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçdi. Qüvvələr qeyri-bərabər idi. Yusifin də tərkibində döyüşdüyü polis dəstəsi öz əlverişli mövqeyini qoruyub saxlamağa çalışırdı. Düşməni planlı şəkildə yaxına buraxır və müxtəlif istiqamətlərdən onları hədəfə alırdılar. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Dəstənin döyüş sursatı tükənmək üzrə idi. Bunu görən Yusif 14 nəfərdən ibarət qrup yaradaraq əlbəyaxa döyüşə atıldı. Gözlənilməz hücumdan özlərini itirən ermənilər pərən-pərən düşdülər...
  Yusif Əliyevin bu şücaəti barədə Ağsunun Rəhimli kəndində Milli Qəhrəmanın anım mərasimində danışılıb.
  Rayon rəhbərliyi, polis işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin əməkdaşları, kənd sakinləri, ictimaiyyət nümayəndələri kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dua oxuyublar.
  Azərbaycanın ilk Milli Qəhrəmanının təhsil aldığı kənd məktəbində onun büstü qarşısında keçirilən anım mərasimində çıxış edənlər bildiriblər ki, 1969-cu il dekabrın 2-də Bakının Qobustan qəsəbəsində dünyaya gələn Yusif torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə əzmkar iradəsi ilə seçilirdi. Yusif Əliyev 1991-ci il sentyabrın 14-də Buzluq kəndinə hücuma keçən erməni quldurlarının qarşısını almaq üçün digər yoldaşları ilə birgə ölüm-dirim savaşına atılmışdı. Qeyri-bərabər döyüşdə döyüş sursatı tükənsə də o, güllə yağışı altında Buzduğa sursat çatdırmağa müvəffəq olur. Lakin bu, onun həyatı bahasına başa gəlir. Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Yusif Əliyevin nəşi ata-baba yurdu olan Ağsu rayonunun Rəhimli kənd qəbiristanlığında torpağa tapşırılıb.
  Məktəblilər Azərbaycana, milli ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Mərasim məktəbin akt zalında davam etdirilib. Əvvəlcə Yusif Əliyevin həyat yolundan bəhs edən sənədli film nümayiş olunub. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Tahir Kərimli, rayon polis şöbəsinin rəisi Eldar Paşayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Nizami Heybətov çıxış edərək, Yusif Əliyevin şərəfli həyat yolundan, erməni qəsbkarlarının Azərbaycan torpaqlarının işğalından, xalqımıza qarşı törədilən soyqırımı aktlarından danışıblar.
  Milli Qəhrəmanın atası Əliyusif Əliyev, oğlu Əlizadə İsmayıl şəhidlərimizin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, bütün Azərbaycan xalqına, mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
  Şəhidin nəvəsi, əsgər forması geyinən səkkiz yaşlı Yusif Əlizadənin “Bircə tez böyüyəydim, Qarabağa gedib, babamın intiqamını alaydım” sözləri mərasim iştirakçılarında qürur dolu hisslər yaşadıb.

Keçidlər